1Şeypur çalmağa hazırlaş! Rəbbin evinin üzərinə Düşmən qartal kimi hücum çəkir. Çünki İsraillilər Mənim əhdimi pozdu, Mənim qanunuma qarşı çıxdı.
2Onlar Mənə fəryad edib deyəcək: “Allahım, biz İsraillilər Səni tanıyırıq”.
3İsrail yaxşılığı rədd etdi, Düşmən onu təqib edəcək.
4Məndən soruşmadan Özlərinə padşah qoydular. Məndən xəbər almadan Başçılar seçdilər. Özlərinə qızıl və gümüşlərindən Ölümlərinə yol açan Bütlər düzəltdilər.
5Ey Samariya, dana bütün rədd edildi! Mənim qəzəbim onlara qarşı alovlandı. Nə vaxta qədər onlar pak olmayacaq?
6Çünki bu büt İsrailin işidir, Usta onu düzəldib, Ona görə də Allah deyil. Samariyadakı dana bütü Xıncım-xıncım olacaq.
7Onlar külək qaldırdı, Qasırğa alacaqlar. Sünbül bitirməyən buğda un verməz, Versə də, yadlar onu udacaq.
8İsrail udulmuşdur, İndi onlar millətlər arasında Heç kəsin bəyənmədiyi bir qab kimi oldu.
9Onlar tənha gəzən vəhşi eşşək kimi Aşşur tərəfə getdi. Efrayim muzdla özünə oynaşlar tutdu.
10Onlar millətlər arasında muzdla oynaş tutsalar da, Mən indi onları bir yerə toplayacağam. Onlar qüdrətli padşahın zülmündən Azalmağa başlayacaq.
11Efrayim günah təqdimi üçün Çoxlu qurbangah tiksə də, Bunlar onu günaha batıran qurbangahlar oldu.
12Mən onlar üçün çoxlu qanun yazdım, Onlarsa bunları yad bir şey hesab etdi.
13Mənə kəsilən qurbanlara gəlincə, Əti Mənə qurban gətirib Özləri yeyir. Rəbb onlardan razı deyil. İndi onların qəbahətlərini yada salacaq, Günahlarına görə onları cəzalandıracaq. Onlar Misirə qayıdacaq.
14İsrail də Yaradanını unutdu, Özünə saraylar qurdu. Yəhuda da çoxlu qalalı şəhər tikdi, Ancaq Mən onun şəhərlərinə od göndərəcəyəm, Qalalarını alov yeyəcək.