Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Hakimlər - Hakimlər 11

Hakimlər 11:21-40

Help us?
Click on verse(s) to share them!
21İsrailin Allahı Rəbb Sixonu və onun bütün xalqını İsraillilərə təslim edəndə onları məğlub etdilər. Beləliklə, İsraillilər o yerdə yaşayan Emorluların torpağını irs olaraq aldı.
22Arnondan Yabboq çayına qədər, səhradan İordan çayına qədər bütün Emor torpaqlarını İsraillilər irs olaraq aldı.
23İndi İsrailin Allahı Rəbb Öz xalqı İsraillilərin qarşısından Emorluları qovandan sonra sənmi buraya sahib çıxacaqsan?
24Allahın Kemoşun sənə verdiyi torpağı özünə irs etməzsənmi? Biz də Allahımız Rəbbin bizə verdiyi torpağı özümüzə irs edəcəyik.
25İndi sənin Moav padşahı Sippor oğlu Balaqdan nəyin yaxşıdır? Gör o, İsraillə heç çəkişdimi? Yaxud onlara qarşı heç döyüşdümü?
26Üç yüz il İsrail Xeşbon ilə Aroerdə, bunların ətraf qəsəbələrində və Arnon vadisi boyunca yerləşən bütün şəhərlərdə yaşadığı müddətdə niyə bu torpaqları geri almadınız?
27Mən sənə qarşı günah etmədim. Lakin sən mənə qarşı döyüşməklə mənə pislik edirsən. Qoy hakim olan Rəbb bu gün İsrail övladları ilə Ammon övladları arasında hökm etsin».
28Lakin Ammon padşahı İftahın ona göndərdiyi sözlərə qulaq asmadı.
29İftahın üzərinə Rəbbin Ruhu endi. O, Gileaddan və Menaşşedən keçdi, sonra Gileaddakı Mispadan keçib Ammon övladlarının üstünə getdi.
30İftah Rəbbə əhd edib dedi: «Əgər Ammon övladlarını, həqiqətən, mənə təslim etsən,
31o zaman Ammon övladları ilə döyüşdən sağ-salamat qayıdanda mənim evimin darvazasından qarşıma birinci nə çıxarsa, Rəbbin olacaq və onu yandırma qurbanı edəcəyəm».
32İftah Ammon övladları ilə döyüşə çıxdı. Rəbb də Ammon övladlarını İftaha təslim etdi.
33Aroerdən Minnitə çatana qədər iyirmi şəhəri və Avel-Keramimə qədər Ammon övladlarını çox böyük məğlubiyyətə uğratdı. Onlar İsraillilərə tabe oldular.
34İftah Mispaya, öz evinə qayıtdı. Budur, İftahın qızı dəf çalıb oynayaraq onu qarşılamağa çıxdı. Bu onun yeganə övladı idi, ondan başqa nə oğlu, nə də qızı var idi.
35O, qızını görəndə paltarını cırıb dedi: «Vay, qızım! Belimi əydin, qəddimi əyənlərdən biri də sən oldun! Mən Rəbbə əhd etmişəm, artıq sözümdən dönə bilmərəm».
36Qızı ona dedi: «Ata, sən Rəbbə əhd etmisən. Madam ki Rəbb düşmənlərindən, Ammon övladlarından sənin üçün qisas aldı, söz ağzından necə çıxıbsa, mənə eləcə də et».
37Sonra qız atasına dedi: «Ancaq bu arzumu yerinə yetir: mənə iki ay izin ver, qoy rəfiqələrimlə dağları gəzib-dolaşaraq öz nakam qızlığım üçün ağlayım».
38Atası ona «yaxşı, gedə bilərsən» deyərək ona iki ay müddətinə izin verdi. O da rəfiqələri ilə bərabər gedib dağlarda öz nakam qızlığına ağladı.
39İki ay keçəndən sonra atasının yanına qayıtdı və atası onun barəsində etdiyi əhdi yerinə yetirdi. Qız ərə getməmişdi. Bundan sonra İsraildə belə bir adət oldu:
40hər il İsrail qızları gedib Gileadlı İftahın qızı üçün ildə dörd gün yas tutdular.

Read Hakimlər 11Hakimlər 11
Compare Hakimlər 11:21-40Hakimlər 11:21-40