Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşua - Yeşua 24

Yeşua 24:5-26

Help us?
Click on verse(s) to share them!
5Musa ilə Harunu göndərib Misiri bəlalara düçar etdim və sonra sizi oradan çıxartdım.
6Atalarınızı Misirdən çıxartdım, siz Qırmızı dənizə tərəf gəldiniz. Misirlilər Qırmızı dənizə qədər döyüş arabaları və süvarilərlə atalarınızı təqib etdilər.
7Onlar Rəbbə fəryad edəndə O, Misirlilərlə sizin aranızda qaranlıq yaratdı, onların üstünə dənizi gətirdi, onlar suların altında qaldılar. Misirdə etdiyim şeyləri gözünüzlə gördünüz və uzun müddət səhrada yaşadınız.
8Sizi İordan çayının şərq tərəfində yaşayan Emorlular torpağına gətirdim, onlar sizinlə vuruşanda onları sizə təslim etdim, torpaqlarını isə mülk olaraq aldınız və hamısını qarşınızdan yox etdim.
9Moav padşahı Sippor oğlu Balaq qalxıb İsraillilərlə vuruşdu və xəbər göndərib Beor oğlu Bilamı sizə lənət etmək üçün çağırdı.
10Lakin Bilamı eşitmək istəmədim. O da ancaq xeyir-dua verdi. Beləcə sizi onun əlindən azad etdim.
11İordan çayından keçib Yerixoya gəldiniz. Yerixo adamları, Emorlular, Perizlilər, Kənanlılar, Xetlilər, Qirqaşlılar, Xivlilər, Yevuslular sizə qarşı vuruşdular, lakin onları sizə təslim etdim.
12Sizin önünüzcə eşşəkarısı çıxarıb onunla Emorluların iki padşahını qarşınızdan qovdum. Bu iş sizin qılıncınızla və ox-kamanınızla olmadı.
13Üzərində işləmədiyiniz bir torpağı, tikmədiyiniz şəhərləri sizə verdim ki, orada yaşayasınız. Salmadığınız bağlardan və zeytunluqlardan yeyirsiniz”.
14Ona görə də Rəbdən qorxun, səmimiyyətlə və sədaqətlə Ona qulluq edin. Fərat çayının o biri tərəfində və Misirdə atalarınızın qulluq etdiyi allahları atın, yalnız Rəbbə qulluq edin.
15Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, bu gün kimə qulluq edəcəyinizi özünüz seçin. Atalarınızın qulluq etdikləri Fərat çayının o tayındakı allahlaramı, yoxsa torpaqlarında yaşadığınız Emorluların allahlarınamı qulluq edəcəksiniz? Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək».
16Xalq cavab verdi: «Rəbbi tərk edib başqa allahlara qulluq etmək qoy bizdən uzaq olsun!
17Çünki bizi və atalarımızı Misir torpağından – köləlik diyarından çıxaran, gözümüzün qarşısında bu böyük əlamətləri göstərən və getdiyimiz bu yolda, arasından keçdiyimiz bütün xalqlar arasında bizi qoruyan yalnız Allahımız Rəbdir.
18Rəbb bütün xalqları, bu torpaqda yaşayan Emorluları qarşımızdan qovdu. Biz də Rəbbə qulluq edəcəyik, çünki Allahımız Odur».
19Yeşua xalqa dedi: «Rəbbə qulluq edə bilməzsiniz, çünki O, müqəddəs Allahdır. O, qısqanc Allahdır, qanunsuzluğunuzu və günahlarınızı bağışlamayacaq.
20Əgər Rəbbi tərk edib yad allahlara qulluq etsəniz, sizə yaxşılıq edən Rəbb əleyhinizə dönüb pislik edəcək və sizi məhv edəcək».
21Xalq Yeşuaya dedi: «Xeyr, ancaq Rəbbə qulluq edəcəyik».
22Yeşua xalqa dedi: «Qulluq etmək üçün Rəbbi seçdiyinizə siz özünüz şahidsiniz». Onlar «biz şahidik» dedilər.
23Yeşua dedi: «Elə isə indi aranızda olan yad allahları atın, ürəyinizi İsrailin Allahı Rəbbə meyl etdirin».
24Xalq Yeşuaya dedi: «Allahımız Rəbbə qulluq edəcəyik və yalnız Onun sözünə qulaq asacağıq».
25Yeşua o gün xalqla əhd bağladı. Onlar üçün Şekemdə qanun və hökm qoydu.
26Yeşua bu sözləri Allahın Qanun kitabına yazdı. Sonra böyük bir daş götürüb Rəbbin Müqəddəs məkanının yanında olan palıd ağacı altında yerləşdirdi.

Read Yeşua 24Yeşua 24
Compare Yeşua 24:5-26Yeşua 24:5-26