5Onlar səni əxlaqsız qadından, Şirindilli yad arvaddan qoruyar.
6Evimin pəncərəsinin şəbəkəsindən Mən bayıra baxırdım.
7Bir dəstə cahil gənc arasında Qanmaz bir cavanı gördüm.
8Bu qadının evinin tininə yaxın küçədən keçirdi, Onun evi olan yolla gedirdi.
9Alaqaranlıqda, gün batanda, Gecə düşəndə, hava qaralanda.
10Fahişə libaslı, qəlbi fitnə dolu bu qadın Dərhal onu qarşıladı.
11O hay-küyçüdür, o bihəyadır, Öz evində oturmayandır.
12Gah küçəyə, gah meydanlara çıxar, Hər tin başı bir pusqu qurar.
13O, oğlanı tutub öpdü, Həyasızcasına belə dedi:
14«Ünsiyyət qurbanı kəsməyə borclu idim, Əhdimə bu gün əməl etmişəm.
15Ona görə səni görmək üçün qarşına çıxdım, Səni çox axtardım, axır ki tapdım.
16Yatağıma Misir kətanından toxunan Əlvan üz çəkmişəm.
17Yorğan-döşəyimə Mirra, əzvay, darçın səpmişəm.
18Gəl sübhə qədər doyunca sevişək, Eşqdən məst olaq.
19Ərim evdə yoxdur, Uzaq bir səfərə gedib.
20Pul kisəsini götürüb, Evə ay bədirlənəndə qayıdacaq».
21Fəndlər işlədib onu tovladı, Şirin dilə tutub yoldan çıxartdı.
22Kəsilməyə aparılan bir öküz kimi, Kəməndə salınan bir maral kimi Bu oğlan o qadının ardınca düşdü.
23Axırda ciyərinə bir ox saplanacaq. Uçub tez tora düşən quş kimi Bu oğlan da canının alınacağını bilmirdi.
24İndi, ey övladlar, mənə qulaq asın, Dilimdən çıxan sözlərə laqeyd olmayın.
25Qoyma qəlbin o qadının yollarına meyl etsin, Onun yoluna dönmə.