Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ikinci Padşahlar - Ikinci Padşahlar 15

Ikinci Padşahlar 15:8-36

Help us?
Click on verse(s) to share them!
8Yəhuda padşahı Azaryanın padşahlığının otuz səkkizinci ilində Yarovam oğlu Zəkəriyyə Samariyada İsrail üzərində padşah oldu və altı ay padşahlıq etdi.
9O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
10Yaveş oğlu Şallum ona qəsd hazırladı, onu xalqın qabağında vurub öldürdü və yerinə padşah oldu.
11Zəkəriyyənin qalan işləri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
12Rəbbin Yehuya «dördüncü nəslinə qədər sənin övladların İsrail taxtında oturacaqlar» deyə söylədiyi sözə görə belə oldu.
13Yəhuda padşahı Uzziyanın padşahlığının otuz doqquzuncu ilində Yaveş oğlu Şallum padşah oldu və Samariyada bir ay padşahlıq etdi.
14Qadi oğlu Menaxem Tirsadan çıxıb Samariyaya gəldi. Samariyada Yaveş oğlu Şallumu vurub öldürdü və yerinə padşah oldu.
15Şallumun qalan işləri və necə qəsd hazırladığı barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
16O vaxt Menaxem Tirsadan çıxıb Tifsahda və onun ətrafında yaşayanların hamısını qırdı. Darvazaları onun üzünə açmadıqlarına görə onları məhv etdi və orada olan bütün hamilə qadınları doğradı.
17Yəhuda padşahı Azaryanın padşahlığının otuz doqquzuncu ilində Qadi oğlu Menaxem İsrail üzərində padşah oldu və Samariyada on il padşahlıq etdi.
18O, Rəbbin gözündə pis olan işlər etdi və bütün ömrü boyu Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
19Aşşur padşahı Pul ölkəyə hücum etdi. Menaxem ona min talant gümüş verdi ki, padşahlığını möhkəmləndirmək üçün Pul onunla müttəfiq olsun.
20Menaxem Aşşur padşahına vermək üçün İsrailin varlı adamlarının hamısından gümüş yığdı, onların hər birindən əlli şekel gümüş aldı. Onda Aşşur padşahı bu ölkədə qalmayıb geri qayıtdı.
21Menaxemin qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
22Menaxem ataları ilə uyudu və yerinə oğlu Peqahya padşah oldu.
23Yəhuda padşahı Azaryanın padşahlığının əllinci ilində Menaxem oğlu Peqahya Samariyada İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi.
24O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
25Peqahyanın mühafizəçilər rəisi Remalya oğlu Peqah ona qəsd hazırladı, Gileadlılardan əlli nəfərin köməyi ilə Samariyada sarayın qalasında onu Arqov və Arye ilə birgə vurub öldürdü və onun yerinə padşah oldu.
26Peqahyanın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
27Yəhuda padşahı Azaryanın padşahlığının əlli ikinci ilində Remalya oğlu Peqah Samariyada İsrail üzərində padşah oldu və iyirmi il padşahlıq etdi.
28O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
29İsrail padşahı Peqahın dövründə Aşşur padşahı Tiqlat-Pileser gəlib İyonu, Avel-Bet-Maakanı, Yanoahı, Qedeşi, Xasoru, Gileadı, Qalileyanı və bütün Naftali torpağını tutdu, əhalisini də Aşşura sürgün etdi.
30Ela oğlu Huşə Remalya oğlu Peqaha qəsd hazırladı, onu vurub öldürdü və Uzziya oğlu Yotamın padşahlığının iyirminci ilində onun yerinə padşah oldu.
31Peqahın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
32İsrail padşahı Remalya oğlu Peqahın padşahlığının ikinci ilində Uzziya oğlu Yotam Yəhuda üzərində padşah oldu.
33O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoq qızı Yeruşa idi.
34Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.
35Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi.
36Yotamın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.

Read Ikinci Padşahlar 15Ikinci Padşahlar 15
Compare Ikinci Padşahlar 15:8-36Ikinci Padşahlar 15:8-36