Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Daniel

Daniel 9

Help us?
Click on verse(s) to share them!
1Midiya tayfasından Axaşveroşun oğlu Daranın padşahlığının birinci ili idi. O, Xaldey ölkəsinə padşah qoyulmuşdu.
2Onun padşahlığının birinci ilində mən Daniel Yerusəlimin viranə qalacağı müddətin yetmiş il olduğu barədə Rəbbin Yeremya peyğəmbərə göndərdiyi sözü kitablardan anladım.
3Mən Xudavənd Allaha üz tutdum, çul geyib külə oturdum, oruc tutaraq dua və yalvarışla Onu axtardım.
4Allahım Rəbbə dua etdim və etiraf edərək dedim: «Sənə dua edirəm, ey böyük və zəhmli Xudavənd Allah! Səni sevənlər və əmrlərinə əməl edənlər üçün əhdinə sadiq qalıb məhəbbət göstərirsən.
5Biz günah və təqsir etdik, pislik edib Sənə qarşı üsyankar olduq. Sənin əmrlərindən və hökmlərindən üz döndərdik.
6Padşahlarımıza, başçılarımıza, atalarımıza və ölkənin bütün xalqına Sənin adınla söz deyən qulların peyğəmbərlərə qulaq asmadıq.
7Ey Xudavənd, Səndə ədalət var, bizdə isə bugünkü kimi üz qaralığı! Bu, Yəhuda adamlarına, Yerusəlimdə yaşayanlara və Sənə qarşı etdikləri xainlikdən ötrü sürgün etdiyin bütün ölkələrdə, yaxında və uzaqda olan İsraillilərin hamısına aiddir.
8Ya Rəbb, bizim padşahlarımızın, başçılarımızın və atalarımızın üzü qaradır, çünki Sənə qarşı günah etmişik.
9Mərhəmət və bağışlamaq isə Xudavənd Allahımıza məxsusdur, çünki biz Ona qarşı üsyan etmişik.
10Allahımız Rəbbin sözünə qulaq asmadıq, Öz qulları peyğəmbərlər vasitəsilə bizə verdiyi qanunlarına əməl etmədik.
11Bütün İsraillilər Sənin qanununu pozub azdı, Sənin sözünə qulaq asmadı. Buna görə də Allahın qulu Musanın Qanununda yazılmış lənət başımıza yağdı və and yerinə yetdi, çünki Ona qarşı günah etdik.
12O da başımıza böyük bəla gətirərək bizə və hökm edən hakimlərimizə qarşı dediyi sözləri yerinə yetirdi, çünki Yerusəlimə gələn bəla göylər altında olan heç bir yerə gəlməyib.
13Musanın Qanununda yazıldığı kimi bütün bu bəla başımıza gəldi. Ancaq biz Allahımız Rəbbə üz tutmadıq ki, təqsirlərimizdən dönək və Onun həqiqətini dərk edək.
14Rəbb də bu bəlanı başımıza gətirməyə tərəddüd etmədi, çünki Allahımız Rəbb etdiyi bütün işlərində ədalətlidir, ancaq biz Sənin səsinə qulaq asmadıq.
15Ey Allahımız Xudavənd, Sən Öz xalqını Misir torpağından qüdrətli əlinlə çıxardın və bu günə qədər davam edən izzət qazandın! Biz isə günah işlətdik, pislik etdik.
16Ey Xudavənd, bütün ədalətli işlərinə görə Sənə yalvarıram, qeyz və qəzəbini Öz şəhərin Yerusəlimdən, müqəddəs dağından döndər. Çünki bizim günahlarımızdan və atalarımızın təqsirlərindən ötrü Yerusəlim və Sənin xalqın bütün ətraf xalqlar arasında rüsvay oldu.
17Ey Allahımız, indi qulunun duasını və yalvarışlarını eşit. Ey Xudavənd, Öz xatirinə işıqlı üzünü viran olan Müqəddəs məkanına tərəf çevir.
18Ey Allahım, qulaq verib eşit, gözünü açıb bizim viranlıqlarımızı və Sənə məxsus olan şəhəri gör. Çünki öz salehliyimizə görə deyil, Sənin böyük mərhəmətinə görə yalvarışlarımızı Sənin önündə təqdim edirik.

19Ey Xudavənd, eşit, ey Xudavənd, bağışla, ey Xudavənd, diqqət et və hərəkətə gəl. Ey Allahım, Öz adın naminə gecikmə, çünki şəhərin və xalqın Sənə məxsusdur».
20Mən hələ danışıb duada özümün və xalqım İsrailin günahlarını etiraf edərək Allahımın müqəddəs dağı üçün yalvarışımı Allahım Rəbbə təqdim edən zaman –
21hələ dua edərkən əvvəl görüntüdə gördüyüm insana bənzər mələk Cəbrayıl axşam qurbanı verilən vaxt cəld uçaraq yanıma gəldi.
22O məni başa saldı və mənimlə danışıb dedi: «Ey Daniel! İndi mən gəldim ki, sənə müdriklik və dərrakə verim.
23Sənin duanın başlanğıcında Allah cavab verdi və mən də gəldim ki, onu sənə çatdırım, çünki Allah səni çox sevir. İndi isə sözüm barədə düşün və görüntünü bil.
24Sənin xalqın və müqəddəs şəhərin üçün yetmiş dəfə yeddiillik dövr təyin olunub ki, qanunsuzluq bitsin, günah sona çatdırılsın, təqsirlər üçün kəffarə verilsin, əbədi ədalət gətirilsin, görüntü və peyğəmbərlik möhürlənsin, Ən Müqəddəs yer məsh edilsin.
25Bunu bil və anla: Yerusəlimi bərpa edib tikmək üçün verilən fərmanın çıxmasından məsh olunmuş hökmdara qədər yeddi yeddiillik dövr keçəcək. Altmış iki yeddiillik dövr ərzində Yerusəlim yenidən küçələr və xəndəklərlə tikiləcək, amma bu çətin vaxtlarda olacaq.
26Altmış iki yeddiillik dövrdən sonra məsh olunan həlak olacaq, amma bu özü üçün olmayacaq. Gələcək hökmdarın xalqı şəhəri və Müqəddəs yeri viran edəcək. Onun sonu daşqın kimi olacaq. Müharibə sona qədər davam edəcək. Viranəliklər olacağına qərar verilib.
27Həmin hökmdar yeddiillik bir dövr ərzində çoxları ilə əhd bağlayacaq. Bu yeddiillik dövrün ortasında qurbanla təqdimi dayandıracaq, məbədin qülləsində viranəlik gətirən iyrənc şey qoyacaq və viranəlik gətirən şey onun təyin edilmiş aqibətinə qədər orada qalacaq».