Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Daniel

Daniel 7

Help us?
Click on verse(s) to share them!
1Babil padşahı Belşassarın padşahlığının birinci ilində Daniel yatarkən bir yuxu gördü və ona görüntülər gəldi. Sonra yuxunu yazıb məzmununu qeyd etdi.
2Daniel danışmağa başlayıb dedi: mən gecə gələn görüntüdə gördüm ki, budur, göylərin dörd küləyi böyük bir dənizin üstündə çarpışır.
3Dənizdən bir-birinə oxşamayan dörd böyük heyvan çıxdı.
4Birincisi şirə bənzəyirdi, amma onun qartal qanadları var idi. Mən baxarkən onun qanadları qoparıldı və o, yerdən qaldırılıb insan kimi ayaq üstə qalxdı. Ona insan ürəyi verilmişdi.
5Başqa birisi – ikinci heyvan ayıya bənzəyirdi. O, bir yanı tərəfə əyilmişdi və ağzında – dişləri arasında üç qabırğa sümüyü var idi. Ona belə deyildi: «Qalx çoxlu ət ye».
6Bundan sonra mən bəbirə bənzəyən başqa bir heyvan gördüm. Heyvanın belində dörd quş qanadı və onun dörd başı var idi. Ona hakimiyyət verilmişdi.
7Bundan sonra mən gecə gələn görüntülərdə dəhşətli, heybətli və çox güclü olan dördüncü heyvanı gördüm. Onun böyük dəmir dişləri var idi. O hər şeyi əzib yeyir, qalıqları isə ayaqları altında tapdalayırdı. O, heyvanların hamısından fərqlənirdi və on buynuzu var idi.
8Mən buynuzlara baxırdım ki, onların arasından yenə kiçik bir buynuz çıxdı və əvvəlki buynuzlardan üçü onun qarşısından götürüldü. Bu buynuzun insan gözləri kimi gözləri və təkəbbürlə danışan ağzı var idi.
9Nəhayət, mən gördüm ki, Taxtlar quruldu və Əzəldən Var Olan oturdu. Onun əynində qar kimi bəyaz paltar var idi, Saçları yun kimi ağappaq idi. Taxtı alov dilləri tək, çarxları yanar od kimi idi.
10Önündən odlu çay çıxıb axırdı. Minlərlə nəfər Ona xidmət edir, On minlərlə nəfər Onun hüzurunda durmuşdu. Məhkəmə iclası başlandı və kitablar açıldı.
11O zaman buynuzun söylədiyi təkəbbürlü sözlər mənim diqqətimi cəlb etdi. Heyvan gözlərimin qabağında öldürüldü və bədəni parçalanıb yanan oda atıldı.
12Həmçinin başqa heyvanların da hakimiyyəti əllərindən alındı, ancaq ömürləri müəyyən müddətə qədər uzadıldı.
13Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi.
14Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq.
15Mən Danielin isə bədənimdə ruhum titrədi və gələn görüntülər məni vahiməyə saldı.
16Ayaq üstə duran adamlardan birinə yaxınlaşıb «Bütün bu şeylərin həqiqi mənası nədir?» deyə soruşdum. O adam bu şeylərin mənasını mənə izah edib bildirdi:
17«Bu dörd böyük heyvan yerdən çıxacaq dörd padşahlıqdır.
18Sonra padşahlığı Haqq-Taalanın müqəddəsləri alacaq, əbədi və daim padşahlığa sahib olacaq».

19Onda mən başqalarından fərqlənən dördüncü heyvan barədə dəqiq izahat istədim. O, çox qorxunc idi, dəmir dişləri və tunc dırnaqları ilə əzib-yeyirdi, qalıqları isə ayaqları altında tapdalayırdı.
20Onun başında on buynuz var idi. Daha biri çıxdı və üçü onun önündə düşdü. Bu həmin o buynuz idi ki, gözləri və təkəbbürlə danışan ağzı var idi və görünüşü o biri buynuzlarından daha heybətli idi.
21Mən gördüm ki, bu buynuz müqəddəslərlə döyüşüb onlara üstün gəlir;
22o vaxta qədər ki Əzəldən Var Olan gəldi, Haqq-Taalanın müqəddəslərinin xeyrinə hökm verildi və padşahlığa müqəddəslərin sahib olduğu vaxt yetişdi.
23O bunu belə izah etdi: «Dördüncü heyvan yer üzündə olacaq dördüncü padşahlıqdır. O başqa padşahlıqlardan fərqli olub bütün yer üzünü udacaq və hər şeyi tapdalayıb əzəcək.
24On buynuzun mənası budur ki, bu padşahlıqdan on padşah çıxacaq. Onlardan sonra isə əvvəlkilərdən fərqli başqası çıxıb üç padşahı yıxacaq.
25Haqq-Taalanın əleyhinə sözlər deyəcək və Haqq-Taalanın müqəddəslərinə zülm edəcək. Hətta təqvimi və qanunları dəyişməyə cəhd göstərəcək. Onlar bir vaxt, vaxtlar və yarım vaxt ərzində ona təslim ediləcək.
26Sonra isə məhkəmə qurulacaq və onun hakimiyyəti əlindən alınacaq, əbədilik məhv olub yox olacaq.
27Padşahlıq, hakimiyyət və göylərin altındakı bütün padşahlıqların əzəməti Haqq-Taalanın müqəddəs xalqına veriləcək. Onun padşahlığı əbədi padşahlıq olacaq və bütün hökmdarlar Ona qulluq edib itaət edəcək».
28Burada söz bitir. Mən Danieli isə düşüncələrim bərk vahiməyə saldı və bənizim soldu. Ancaq bu sözləri yadımda saxladım.