1Navuxodonosor padşahlığının ikinci ilində bir yuxu gördü, buna görə ürəyi sıxıldı və yuxusu qaçdı.
2Padşah əmr etdi ki, yuxusunu yozmaq üçün onun yanına sehrbazlar, ruhçağıranlar, cadugərlər və Xaldeyli müdriklər çağırılsın. Onlar gəlib padşahın hüzurunda dayandı.
3Padşah onlara dedi: «Bir yuxu görmüşəm və ürəyim sıxılır. İstəyirəm ki, bu yuxunun yozumunu bilim».
4Xaldeyli müdriklər Arami dilində padşaha dedi: «Padşah sağ olsun, yuxunu bu qullarına danış, biz də onu yozaq».
5Padşah Xaldeyli müdriklərə cavab verdi: «Mən belə qərara gəlmişəm: əgər siz mənə həm yuxunu, həm də yozumunu söyləməsəniz, parça-parça ediləcəksiniz və evləriniz də viran ediləcək.
6Əgər yuxunu və yozumunu söyləsəniz, məndən hədiyyələr, mükafatlar və böyük hörmət görəcəksiniz. İndi isə mənə yuxunu və yozumunu söyləyin».
7Onlar yenə cavab verdi: «Padşah yuxunu bu qullarına danışsın, biz də onu yozaq».
8Padşah cavab verdi: «Yəqin bilirəm ki, siz vaxt qazanmaq istəyirsiniz, çünki görürsünüz ki, mənim qərarım qətidir.
9Əgər yuxunu mənə söyləməsəniz, sizin üçün yalnız bir cəza olacaq. Siz mənə yalan və uydurma sözlər demək üçün sözləşmisiniz ki, bəlkə vəziyyət dəyişdi. İndi isə mənə yuxunu söyləyin, onda bilərəm ki, siz onu yozmağa qadirsiniz».
10Xaldeyli müdriklər padşaha cavab verdi: «Yer üzündə padşahın tələbini yerinə yetirə bilən adam yoxdur. Ən əzəmətli və qüdrətli padşah da bir sehrbazdan, ruhçağırandan yaxud Xaldeyli müdrikdən belə bir şey istəməyib.
11Padşahın istədiyi şey elə çətindir ki, allahlardan başqa heç kəs bunu padşaha aşkar edə bilməz. Onların da məskəni insanlar arasında deyil».
12Padşah bu sözə özündən çıxıb bərk qəzəbləndi və əmr etdi ki, bütün Babil müdriklərini məhv etsinlər.
13Müdrikləri öldürmək barədə əmr çıxanda Danieli və onun yoldaşlarını öldürmək üçün axtardılar.
14O zaman Daniel Babil müdriklərini öldürməyə gedən padşahın keşikçilər rəisi Aryokla müdriklik və nəzakətlə danışdı.
15O, padşahın hərbi rəisi olan Aryokdan soruşdu: «Niyə padşah belə sərt fərman verib?» Onda Aryok əhvalatı Danielə danışdı.
16Daniel içəri girib padşahdan xahiş etdi ki, yuxunun yozumunu padşaha bildirmək üçün ona vaxt versin.
17Daniel öz evinə qayıdıb əhvalatı dostları Xananya, Mişael və Azaryaya danışdı ki,
18bu sirr barədə göylərin Allahından mərhəmət diləsinlər və Daniellə onun yoldaşları başqa Babil müdrikləri ilə birgə məhv olmasın.
19O zaman bu sirr Danielə gecə gələn görüntüdə aşkar oldu, buna görə də Daniel göylərin Allahına şükür etdi.
20Daniel söylədi: «Allahın adı əbədi olaraq izzətlənsin! Çünki hikmət və qüdrət Ona məxsusdur.
21Vaxtı və dövrü dəyişdirən Odur. O, padşahları taxtdan salar və taxta qoyar, Müdriklərə hikmət, aqillərə ağıl verər.
22Dərin və gizli sirləri O açar, Qaranlıqda qalanı O bilər. İşıqla əhatə olunan Odur.
23Ey atalarımın Allahı, Sənə şükür və həmd olsun ki, Mənə hikmət və qüdrət verdin, Səndən dilədiyimiz şeyi mənə aşkar etdin. Beləcə padşahın məsələsini bizə bildirdin».
24Bundan sonra Daniel Babil müdriklərini öldürmək üçün padşahın təyin etdiyi Aryokun yanına gəlib ona dedi: «Babil müdriklərini öldürmə. Məni padşahın yanına apar, yuxusunu yozum».
25Onda Aryok Danieli tez padşahın yanına gətirib ona dedi: «Mən sürgün olunmuş Yəhudalılar arasından padşaha yuxunu yoza bilən bir adam tapdım».
26Padşah Belteşassar adlanan Danieldən soruşdu: «Gördüyüm yuxunu və yozumunu mənə söyləyə bilərsənmi?»
27Daniel padşahın önündə cavab verdi: «Padşahın soruşduğu sirri müdriklər, ruhçağıranlar, sehrbazlar və əlamət baxıcıları ona aça bilməz.
28Ancaq göylərdə sirləri açan bir Allah var və gələcəkdə nə olacağını padşah Navuxodonosora O bildirdi. Yatarkən gördüyün yuxu və görüntü belə idi:
29Ey padşah, sən öz yatağında düşünürdün ki, bundan sonra nə olacaq? Sirləri Açan da nə olacağını sənə göstərdi.
30Mənə bu sirr başqa adamlardan müdrik olduğum üçün açılmadı, yalnız yuxu padşaha bildirilsin və sən də öz ürəyinin düşüncələrini biləsən deyə bu sirr mənə açıldı.
31Ey padşah, sən yuxuda böyük bir heykəl görmüsən. Nəhəng və çox parlaq olan bu heykəl sənin önündə dururdu, onun görünüşü qorxunc idi.
32Bu heykəlin başı xalis qızıldan, sinəsi və qolları gümüşdən, qarnı və budları tuncdan idi.
33Baldırları dəmirdən, ayaqlarının bir hissəsi dəmirdən, bir hissəsi isə gildən idi.
34Sən baxdığın zaman əl dəymədən bir daş yerindən qoparıldı, heykəlin dəmir və gil ayaqlarından vurub onları parça-parça etdi.
35O zaman dəmir, gil, tunc, gümüş və qızıl birlikdə parçalandı və yay xırmanlarındakı saman çöpü kimi sovruldu. Külək onları apardı və onlardan əsər-əlamət qalmadı. Heykəli dağıdan daş isə böyük bir dağ oldu və bütün dünyanı tutdu.
36Yuxu budur. İndi isə padşahın önündə onu yozaq.
37Ey padşah, sən şahənşahsan. Göylərin Allahı padşahlığı, qüvvəti, qüdrəti və izzəti sənə verib.
38O hər yerdə yaşayan bəşər övladlarını, çöl heyvanlarını və göy quşlarını ixtiyarına verməklə səni onlara hökmdar edib. Qızıldan olan baş sənsən!
39Sonra səndən aşağı səviyyədə olan başqa padşahlıq yaranacaq. Ondan sonra isə tuncdan olan, bütün dünyaya hökmranlıq edən üçüncü bir padşahlıq olacaq.
40Dördüncü padşahlıq isə dəmir kimi möhkəm olacaq, çünki dəmir hər şeyi qırıb-dağıtdığı kimi o da başqalarını hər şeyi əzən dəmir tək qırıb-əzəcək.
41Ayaqların və barmaqların bir hissəsinin dulusçu gilindən, bir hissəsinin isə dəmirdən olduğunu görməyinin mənası budur ki, o bölünmüş padşahlıq olacaq. Onda bir qədər dəmir möhkəmliyi qalacaq, necə ki sən dəmiri dulusçu gili ilə qarışıq görmüsən.
42Ayaq barmaqlarının bir hissəsi dəmirdən, bir hissəsi gildən olduğu kimi bu padşahlığın da bir hissəsi möhkəm, bir hissəsi kövrək olacaq.
43Dəmiri dulusçu gili ilə qarışıq gördüyünün mənası budur ki, onlar müxtəlif insan nəsilləri vasitəsilə bir-birləri ilə qarışacaq, ancaq dəmir gillə birləşmədiyi kimi onlar da bir-birləri ilə birləşməyəcək.
44O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq.
45Sən gördün ki, dağdan bir daş əl dəymədən qoparıldı, dəmiri, tuncu, gili, gümüşü və qızılı parça-parça etdi. Beləcə böyük Allah bundan sonra nə olacağını padşaha bildirib. Bu yuxu doğrudur və onun yozumu da etibarlıdır».
46O zaman padşah Navuxodonosor üzüstə düşüb Danielə səcdə etdi, onun üçün təqdim gətirməyi və buxur yandırmağı əmr etdi.
47Padşah Danielə dedi: «İndi ki sən bu sirri aça bildin, həqiqətən, sizin Allahınız allahların Allahı və padşahların Ağasıdır, sirləri açan da Odur».
48Bundan sonra padşah Danieli yüksək vəzifəyə qoydu və ona çoxlu qiymətli hədiyyə verdi. Onu Babil vilayətinin başçısı və bütün Babil müdriklərinin baş rəisi təyin etdi.
49Daniel padşahdan xahiş etdi, o da Şadrakı, Meşakı və Aved-Neqonu Babil vilayətinə məmur qoydu. Daniel isə padşah sarayında qaldı.