Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 5

Luka 5:10-28

Help us?
Click on verse(s) to share them!
10Şimonla ortaq olan Yaqub və Yəhya adlı Zavday oğulları da eyni hisslər keçirirdi. Amma İsa Şimona belə dedi: «Qorxma, bundan belə, balıq əvəzinə adam tutacaqsan».
11Onlar qayıqları göl kənarına çıxarıb hər şeyi atdılar və İsanın ardınca getdilər.
12Bir gün İsa şəhərlərin birində olarkən bütün bədəni cüzama tutulmuş bir kişi ilə rastlaşdı. Bu adam İsanı görüb üzüstə yerə qapanaraq yalvardı: «Ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən».
13İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan sağaldı.
14İsa ona tapşırdı ki, heç kəsə bir söz söyləməsin və dedi: «Amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə sənin cüzamdan paklandığın üçün Musanın buyurduğuna əsasən təqdimlər apar».
15Amma indi İsa barəsində xəbər daha çox yayılırdı. Çoxlu camaat axışıb İsanın yanına gəlirdi ki, Ona qulaq assın və xəstəliklərdən şəfa tapsın.
16Amma İsa kimsəsiz yerlərə çəkilib dua edirdi.
17Bir gün İsa təlim öyrədirdi. Qalileyanın və Yəhudeyanın bütün kəndlərindən və Yerusəlimdən gələn fariseylər və Qanun müəllimləri Onun yanında oturmuşdu. Onda şəfa vermək üçün Rəbbin qüdrəti var idi.
18Bu vaxt bir neçə nəfər yataqda yatan bir iflic adamı gətirdi. Onlar bu adamı içəri gətirib İsanın önünə qoymağa çalışırdılar.
19Amma böyük izdihama görə iflici İsanın yanına gətirə bilmirdilər. Ona görə də evin damına çıxıb kirəmitləri söküb açdıqları yerdən xəstəni yatağı ilə birgə aşağı endirdilər və ortalığa, İsanın qarşısına qoydular.
20İsa onların imanını görüb dedi: «Dostum, günahların bağışlandı».
21İlahiyyatçılar və fariseylər belə düşünməyə başladılar: «Küfr danışan bu Adam kimdir ki? Tək Allahdan başqa günahları kim bağışlaya bilər?»
22İsa onların nə fikirləşdiyini dərk edib cavab verdi: «Niyə ürəyinizdə belə düşünürsünüz?
23Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək?
24Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi: «Sənə deyirəm, qalx, yatağını götür, evinə get!»
25Xəstə dərhal hamının qarşısında ayağa qalxdı, yatağını götürdü və Allahı izzətləndirərək evinə getdi.
26Hamı mat qaldı və Allahı izzətləndirib böyük qorxu içində dedi: «Bu gün möcüzəli işlər gördük!»
27Bundan sonra İsa bayıra çıxdı və vergi yığılan yerdə oturan Levi adlı vergiyığanı görüb ona dedi: «Ardımca gəl».
28O da durub hər şeyi atdı və İsanın ardınca getdi.

Read Luka 5Luka 5
Compare Luka 5:10-28Luka 5:10-28