Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Amos

Amos 7

Help us?
Click on verse(s) to share them!
1Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, padşahın payı biçiləndən sonra əmələ gələn ot bitməyə başlayanda O, çəyirtkə sürüsü düzəldirdi.
2Çəyirtkələr ölkədə bütün bitkiləri yeyib-qurtarmaq üzrə olanda mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram, bağışla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”.
3Buna görə Rəbb bu niyyətdən döndü. Rəbb dedi: “Bu olmayacaq”.
4Sonra Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, Xudavənd Rəbb cəza vermək üçün alov çağırdı. Alov dənizləri dibindən udaraq torpağı da yandırıb-yaxmaq üzrə olanda
5mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram, əl saxla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”.
6Buna görə Rəbb bu niyyətdən də döndü. Xudavənd Rəbb dedi: “Bu olmayacaq”.
7Sonra mənə bu görüntünü göstərdi: budur, Xudavənd şaqulla düz tikilmiş bir divarın yanında dayanıb. Onun əlində bir şaqul var idi.
8Rəbb məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir şaqul”. Xudavənd dedi: “Budur, Mən xalqım İsraili yoxlamaq üçün aralarına bir şaqul qoyuram. Artıq onlardan əl çəkməyəcəyəm.
9İshaqın nəslinin səcdəgahları xaraba qalacaq, İsrailin Müqəddəs məkanları viran olacaq. Yarovamın nəslinə qarşı qılıncla çıxacağam”».
10Bet-El kahini Amasya İsrail padşahı Yarovama belə xəbər göndərdi: «Amos İsrail nəsli arasında sənə qarşı qəsd hazırlayır. Onun sözlərinin öhdəsindən bu ölkə gələ bilməz.
11Çünki Amos belə deyir: “Yarovam qılıncdan keçirilib öləcək. İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”».
12Sonra Amasya Amosa dedi: «Ey görücü, buradan get, Yəhuda torpağına qaç. Peyğəmbərliyini orada et, onların çörəyini ye.
13Bir də Bet-Eldə peyğəmbərlik etmə, çünki bura padşahın müqəddəs məkanı və padşahlıq məbədidir».
14Amos Amasyaya cavab verib dedi: «Mən nə peyğəmbərəm, nə də peyğəmbərin şagirdi. Mən yalnız bir çobanam, firon ənciri ağaclarını yetişdirirəm.
15Mən sürü otaran idim, Rəbb məni götürüb belə dedi: “Get, xalqım İsrailə peyğəmbərlik et”.
16İndi isə Rəbbin sözünü dinlə. Sən “İsrailə qarşı peyğəmbərlik etmə və İshaq nəslinin əleyhinə vəz etmə” deyirsən.
17Buna görə də Rəbb belə deyir: “Sənin arvadın şəhərdə fahişəlik edəcək, Oğulların və qızların qılıncdan keçiriləcək, Torpağın ölçülüb paylanacaq. Sən isə yad eldə – murdar bir ölkədə öləcəksən. İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”.