Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşua - Yeşua 10

Yeşua 10:14-42

Help us?
Click on verse(s) to share them!
14Rəbbin insan səsini eşitdiyi o gün kimi bir gün nə ondan əvvəl, nə də ondan sonra oldu, çünki Rəbb İsrail üçün vuruşdu.
15Sonra Yeşua və onunla birlikdə bütün İsraillilər Qilqaldakı ordugaha qayıtdı.
16Bu beş padşah qaçıb Maqqedada olan mağarada gizləndi.
17«Maqqedadakı mağarada gizlənən beş padşah tapıldı» deyə Yeşuaya xəbər verdilər.
18Yeşua dedi: «Mağaranın ağzına böyük daşlar yuvarladın və onlara nəzarət etmək üçün yanına adamlar qoyun.
19Ancaq siz dayanmayın, düşmənlərinizi təqib edin və arxadakıları da qırın. Onları şəhərlərinə girməyə qoymayın. Allahınız Rəbb onları sizə təslim edib».
20Yeşua və İsrail övladları düşməni çox ağır bir məğlubiyyətə uğradaraq tamamilə qırdı. Sağ qalanlar isə qalalı şəhərlərdə sığındı.
21Bütün xalq Maqqedadakı ordugaha, Yeşuanın yanına salamat qayıtdı və bundan sonra İsrail övladlarına qarşı heç kim bir söz deyə bilmədi.
22O vaxt Yeşua dedi: «Mağaranın ağzını açın, bu beş padşahı mağaradan mənim yanıma gətirin».
23Elə də etdilər, mağaradan bu beş padşahı – Yerusəlim padşahını, Xevron padşahını, Yarmut padşahını, Lakiş padşahını və Eqlon padşahını onun yanına gətirdilər.
24Bu padşahları Yeşuanın yanına gətirən zaman o bütün İsrail adamlarını çağırdı. Onunla gələn döyüşçülərin başçılarına dedi: «Yaxınlaşın, ayaqlarınızı bu padşahların boynuna qoyun». Onlar yaxınlaşdılar, ayaqlarını onların boynuna qoydular.
25Yeşua onlara dedi: «Qorxmayın və ruhdan düşməyin, qüvvətli və ürəkli olun, çünki Rəbb vuruşacağınız bütün düşmənlərinizin başına bunları gətirəcək».
26Ondan sonra Yeşua onları vurub öldürdü. Onları beş ağacdan asdı və axşama kimi ağacdan asılı qaldılar.
27Gün batanda Yeşua əmr etdi ki, onları ağacdan endirsinlər və onları gizləndikləri mağaraya atdılar. Mağaranın ağzına da böyük daşlar qoydular və bu daşlar bu günə qədər də oradadır.
28Yeşua o gün Maqqedanı aldı, onları və onun tərəfində olan bütün adamları tamamilə məhv etdi, bir adamı belə, sağ buraxmadı. Yerixo padşahının başına gətirdiyini Maqqeda padşahının da başına gətirdi.
29Yeşua və onunla birgə bütün İsraillilər Maqqedadan Livnaya keçdilər və Livnaya qarşı vuruşdular.
30Rəbb həm şəhəri, həm də onun padşahını İsraillilərə təslim etdi. Yeşua padşahı və orada olan bütün adamları qılıncdan keçirib bir adamı belə, sağ buraxmadı. Yerixo padşahının başına gətirdiyini oranın padşahının da başına gətirdi.
31Yeşua və onunla birgə bütün İsraillilər Livnadan Lakişə keçib onların qarşısında dayanaraq Lakişlilərlə vuruşdular.
32Rəbb Lakişi İsraillilərə təslim etdi və oranı ikinci gün aldılar. Livnada etdikləri kimi Lakişi və oradakı bütün adamları qılıncdan keçirtdilər.
33O zaman Gezer padşahı Horam Lakişə kömək etmək üçün gəldi. Yeşua bir nəfəri də sağ buraxmadan onu və onun xalqını da qırdı.
34Yeşua və onunla birgə bütün İsraillilər Lakişdən Eqlona keçdilər, onun qarşısına çıxıb Eqlonlularla vuruşdular.
35Elə həmin gün oranı aldılar və qılıncdan keçirdilər. Lakişdə etdikləri kimi Eqlondakı bütün adamları o gün tamamilə məhv etdilər.
36Yeşua və onunla birgə bütün İsraillilər Eqlondan Xevrona keçdilər və oradakılarla vuruşdular.
37Oranı da alıb padşahını, bütün kəndləri və bütün əhalisini qılıncdan keçirdilər. Eqlonda etdikləri kimi Xevronda da heç kimi sağ qoymadılar, oranı və oradakı bütün adamları tamamilə məhv etdilər.
38Yeşua və onunla birgə bütün İsraillilər Devirə qayıtdılar və oradakılarla vuruşdular.
39Deviri, onun padşahını və bütün kəndlərini alaraq əhalisini qılıncdan keçirdilər. Orada olan bütün adamları tamamilə məhv etdilər, heç kimi sağ qoymadılar. Yeşua Xevronun, Livnanın və onun padşahının başına gətirdiyini Devirin və onun padşahının da başına gətirdi.
40Yeşua bütün ölkəni – dağlıq yerləri, Negevi, yamaclı-düzənlikli bölgəni tutdu və bütün o yerlərin padşahlarını qırdı. İsrailin Allahı Rəbbin əmr etdiyi kimi heç kəsi sağ qoymadı, hər nəfəs alan adamı tamamilə məhv etdi.
41Yeşua Qadeş-Barneadan Qəzzəyə və Giveona qədər bütün Qoşen diyarında yaşayanları qırdı.
42Yeşua bir dəfəyə bütün padşahları və onların ölkələrini aldı, çünki İsrailin Allahı Rəbb İsrail üçün vuruşdu.

Read Yeşua 10Yeşua 10
Compare Yeşua 10:14-42Yeşua 10:14-42