Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeşua - Yeşua 10

Yeşua 10:1-37

Help us?
Click on verse(s) to share them!
1Yerusəlim padşahı Adoni-Sedeq Yeşuanın Ay şəhərini alıb tamamilə məhv etməsini, Yerixo ilə padşahının, Ay şəhəri ilə padşahının başına gətirdiyini və Giveon əhalisinin İsraillilərlə sülh bağlayıb onların arasında olduqlarını eşitdi.
2O vaxt onun özü və xalqı çox qorxdu, çünki Giveon şəhəri padşah şəhərlərindən biri kimi böyük bir şəhər idi. Giveon Ay şəhərindən də böyük idi və oranın adamları igid idi.
3Bunun üçün Yerusəlim padşahı Adoni-Sedeq Xevron padşahı Hohama, Yarmut padşahı Pirama, Lakiş padşahı Yafiaya, Eqlon padşahı Devirə xəbər göndərib dedi:
4«Yanıma gəlib Giveonluları qırmaqda mənə kömək edin, çünki onlar Yeşua və İsrail övladları ilə sülh bağlayıb».
5Beş Emor padşahı olan Yerusəlim padşahı, Xevron padşahı, Yarmut padşahı, Lakiş padşahı, Eqlon padşahı bütün orduları birləşdirərək gəlib Giveon qarşısında ordugah quraraq ona qarşı vuruşdular.
6Giveon adamları Qilqaldakı ordugaha, Yeşuaya xəbər göndərib dedilər: «Əlini qullarının üstündən çəkmə, tez yanımıza gəl, bizi qurtar və bizə kömək et. Çünki dağlıqda yaşayan bütün Emor padşahları bizə qarşı birləşib».
7Yeşua, onunla birgə bütün döyüşçülər və bütün igid adamlar Qilqaldan çıxdılar.
8Rəbb Yeşuaya dedi: «Onlardan qorxma, çünki onları sənə təslim etdim, onlardan heç kim sənin qarşında dura bilməyəcək».
9Yeşua bütün gecə Qilqaldan yuxarı çıxıb qəflətən onların üstünə gəldi.
10Rəbb onları İsraillilərin qarşısında çaşbaş saldı, İsraillilər onları Giveonda böyük tələfata uğratdı və onları Bet-Xoron yoxuşunda təqib edərək Azeqaya və Maqqedaya qədər qırdılar.
11Emorlular İsraillilərin qarşısından qaçdıqları zaman Bet-Xoron enişində ikən Azeqaya qədər Rəbb onların üstünə göydən böyük daşlar yağdırdı və onlar öldülər. Daş kimi dolu ilə ölənlər İsrail övladlarının qılıncla öldürdüklərindən daha çox idi.
12Rəbb Emorluları İsrail övladlarına təslim etdiyi gün Yeşua Rəbbə yalvardı və İsraillilərin gözü qarşısında dedi: «Dayan, ey günəş, Giveon üzərində, Ey ay, Ayyalon dərəsində».
13İsrail xalqı düşmənlərindən qisas alana qədər günəş orada dayandı və ay yerində qaldı. Bu hadisə Yaşar kitabında yazılmışdı. Günəş göyün ortasında durdu və ləngiyib təxminən bütün günü batmadı.
14Rəbbin insan səsini eşitdiyi o gün kimi bir gün nə ondan əvvəl, nə də ondan sonra oldu, çünki Rəbb İsrail üçün vuruşdu.
15Sonra Yeşua və onunla birlikdə bütün İsraillilər Qilqaldakı ordugaha qayıtdı.
16Bu beş padşah qaçıb Maqqedada olan mağarada gizləndi.
17«Maqqedadakı mağarada gizlənən beş padşah tapıldı» deyə Yeşuaya xəbər verdilər.
18Yeşua dedi: «Mağaranın ağzına böyük daşlar yuvarladın və onlara nəzarət etmək üçün yanına adamlar qoyun.
19Ancaq siz dayanmayın, düşmənlərinizi təqib edin və arxadakıları da qırın. Onları şəhərlərinə girməyə qoymayın. Allahınız Rəbb onları sizə təslim edib».
20Yeşua və İsrail övladları düşməni çox ağır bir məğlubiyyətə uğradaraq tamamilə qırdı. Sağ qalanlar isə qalalı şəhərlərdə sığındı.
21Bütün xalq Maqqedadakı ordugaha, Yeşuanın yanına salamat qayıtdı və bundan sonra İsrail övladlarına qarşı heç kim bir söz deyə bilmədi.
22O vaxt Yeşua dedi: «Mağaranın ağzını açın, bu beş padşahı mağaradan mənim yanıma gətirin».
23Elə də etdilər, mağaradan bu beş padşahı – Yerusəlim padşahını, Xevron padşahını, Yarmut padşahını, Lakiş padşahını və Eqlon padşahını onun yanına gətirdilər.
24Bu padşahları Yeşuanın yanına gətirən zaman o bütün İsrail adamlarını çağırdı. Onunla gələn döyüşçülərin başçılarına dedi: «Yaxınlaşın, ayaqlarınızı bu padşahların boynuna qoyun». Onlar yaxınlaşdılar, ayaqlarını onların boynuna qoydular.
25Yeşua onlara dedi: «Qorxmayın və ruhdan düşməyin, qüvvətli və ürəkli olun, çünki Rəbb vuruşacağınız bütün düşmənlərinizin başına bunları gətirəcək».
26Ondan sonra Yeşua onları vurub öldürdü. Onları beş ağacdan asdı və axşama kimi ağacdan asılı qaldılar.
27Gün batanda Yeşua əmr etdi ki, onları ağacdan endirsinlər və onları gizləndikləri mağaraya atdılar. Mağaranın ağzına da böyük daşlar qoydular və bu daşlar bu günə qədər də oradadır.
28Yeşua o gün Maqqedanı aldı, onları və onun tərəfində olan bütün adamları tamamilə məhv etdi, bir adamı belə, sağ buraxmadı. Yerixo padşahının başına gətirdiyini Maqqeda padşahının da başına gətirdi.
29Yeşua və onunla birgə bütün İsraillilər Maqqedadan Livnaya keçdilər və Livnaya qarşı vuruşdular.
30Rəbb həm şəhəri, həm də onun padşahını İsraillilərə təslim etdi. Yeşua padşahı və orada olan bütün adamları qılıncdan keçirib bir adamı belə, sağ buraxmadı. Yerixo padşahının başına gətirdiyini oranın padşahının da başına gətirdi.
31Yeşua və onunla birgə bütün İsraillilər Livnadan Lakişə keçib onların qarşısında dayanaraq Lakişlilərlə vuruşdular.
32Rəbb Lakişi İsraillilərə təslim etdi və oranı ikinci gün aldılar. Livnada etdikləri kimi Lakişi və oradakı bütün adamları qılıncdan keçirtdilər.
33O zaman Gezer padşahı Horam Lakişə kömək etmək üçün gəldi. Yeşua bir nəfəri də sağ buraxmadan onu və onun xalqını da qırdı.
34Yeşua və onunla birgə bütün İsraillilər Lakişdən Eqlona keçdilər, onun qarşısına çıxıb Eqlonlularla vuruşdular.
35Elə həmin gün oranı aldılar və qılıncdan keçirdilər. Lakişdə etdikləri kimi Eqlondakı bütün adamları o gün tamamilə məhv etdilər.
36Yeşua və onunla birgə bütün İsraillilər Eqlondan Xevrona keçdilər və oradakılarla vuruşdular.
37Oranı da alıb padşahını, bütün kəndləri və bütün əhalisini qılıncdan keçirdilər. Eqlonda etdikləri kimi Xevronda da heç kimi sağ qoymadılar, oranı və oradakı bütün adamları tamamilə məhv etdilər.

Read Yeşua 10Yeşua 10
Compare Yeşua 10:1-37Yeşua 10:1-37