14İsa Ruhun qüdrəti ilə Qalileyaya qayıtdı. Onun haqqında xəbər bütün bölgəyə yayıldı.
15İsa oranın sinaqoqlarında təlim öyrətməyə başladı. Hamı Onu izzətləndirirdi.
16İsa böyüdüyü Nazaret şəhərinə gəldi və adətinə görə Şənbə günü sinaqoqa getdi. O, Müqəddəs Yazılardan oxumaq üçün ayağa qalxdı.
17Ona Yeşaya peyğəmbərin kitabını verdilər. İsa tumarı açıb bu sözlər yazılan hissəni tapdı:
18«Rəbbin Ruhu üzərimdədir, Çünki fəqirlərə Müjdəni bildirmək üçün O Məni məsh etdi. Əsirlərə azadlıq, Korlara gözlərinin açılmasını elan etmək üçün, Məzlumları sərbəstliyə buraxmaq üçün,
19Rəbbin lütf ilini bəyan etmək üçün Məni göndərdi».
20Sonra İsa tumarı bağladı və xidmətçiyə verib oturdu. Sinaqoqda oturanların hamısı Ona diqqətlə baxırdı.
21İsa onlara «eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi» deyə danışmağa başladı.
22Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi. Onlar «Məgər bu, Yusifin Oğlu deyilmi?» deyirdilər.
23İsa onlara belə dedi: «Əlbəttə, siz Mənə “Ey həkim, öz-özünə şəfa ver!” məsəlini xatırladacaqsınız. “Kefernahumda etdiklərin barəsində eşitmişik. Burada, Öz yurdunda da həmin işləri et!” deyəcəksiniz».
24Sonra dedi: «Sizə doğrusunu deyirəm: heç bir peyğəmbər öz yurdunda qəbul edilməz.
25Yenə də sizə həqiqəti deyirəm ki, İlyasın dövründə göy üç il altı ay ərzində bağlı qalıb bütün ölkədə böyük aclıq olanda İsraildə çoxlu dul qadın var idi.
26Amma İlyas onlardan heç birinin yanına deyil, Sidonun Sarfat şəhərində olan bir dul qadının yanına göndərildi.
27Elişa peyğəmbərin dövründə İsraildə çoxlu cüzamlı var idi. Ancaq onlardan heç biri deyil, yalnız Aramlı Naaman pak oldu».
28Sinaqoqdakı camaatın hamısı bu sözləri eşidib hiddətləndi.
29Onlar ayağa durdular və İsanı şəhərin kənarına qovdular. Onu uçurumdan atmaq üçün şəhərin qurulduğu təpənin başına gətirdilər.
30Amma İsa onların arasından keçərək oradan çıxıb getdi.