Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər

Levililər 21

Help us?
Click on verse(s) to share them!
1Rəbb Musaya dedi: «Harun nəslindən olan kahinlərə bəyan edib belə de: “Qoy kahinlər öz xalqı arasından olan hər hansı bir meyitə görə özlərini murdar etməsin;
2ancaq kahinin yaxın qohumu – anası, atası, oğlu, qızı, qardaşı
3yaxud da yanında yaşayan subay bacısı ölsə, kahin o ölüyə görə özünü murdar etməsin.
4Qoy o, xalq arasında başçı olduğuna görə özünü murdar edib ləkələməsin.
5Qoy kahinlər yas tutaraq başının heç bir hissəsini qırxmasın, saqqalının kənarını kəsməsin, bədənlərinə də yara vurmasınlar,
6özlərinin Allahı üçün müqəddəs olsunlar və Onun adını ləkələməsinlər, çünki onlar özlərinin Allahına pay, Rəbb üçün yandırma təqdimi gətirirlər. Buna görə də müqəddəs olsunlar.
7Kahin fahişəni yaxud ləkələnmiş və ya ərindən boşanmış qadını da arvad almasın, çünki kahin Allahı üçün müqəddəsdir.
8Onu müqəddəs say, çünki Allahına gətirilən payı təqdim edən odur; o sənin üçün müqəddəs olsun, çünki Mən – sizi təqdis edən Rəbb müqəddəsəm.
9Fahişəliklə ləkələnən kahin qızı atasını da ləkələdiyinə görə yandırılsın.
10Qohumları üzərində olan başında məsh yağı ilə məsh olunan və müqəddəs geyimləri geyən vəzifəli baş kahin yas tutaraq nə saçını dağıtsın, nə də əynindəki geyimini cırsın.
11Bu kahin heç bir meyitə, hətta ölən ata-anasına yaxınlaşıb özünü murdar etməsin.
12O, Müqəddəs məkanı tərk etməsin və Allahın Müqəddəs məkanını ləkələməsin, çünki Allahın nişanəsi olan məsh yağı üzərindədir. Rəbb Mənəm.
13Bu kahin bakirə qız alsın;
14dul, boşanmış yaxud fahişəliklə ləkələnmiş qadın yox, yalnız öz xalqından olan bakirə qız alsın ki,
15onun övladları xalqı arasında ləkəli olmasın. Onu təqdis edən Rəbb Mənəm”».
16Rəbb Musaya dedi:
17«Haruna belə söylə: “Nəsildən-nəslə övladlarından qüsuru olan adam Allahına pay təqdim etmək üçün yaxınlaşmasın.
18Bunlardan heç biri bu xidmətə yaxınlaşmasın: nə kor, nə axsaq, nə eybəcər, nə əlil,

19nə əl-ayağından şikəst,
20nə qozbel, nə cırtdanboy, nə gözündə titə olan, nə xoralı yaxud dəmrovlu, nə axtalanmış adam,
21yəni kahin Harunun nəslindən bədənində hər hansı bir qüsuru olan şəxs Rəbb üçün yandırma təqdimi verməyə yaxınlaşmasın. Onun bədənində qüsur var. Buna görə də o, Allahına pay gətirmək üçün yaxınlaşmasın.
22Belə adam Allahına gətirilən paydan – həm ən müqəddəs yeməkdən, həm də müqəddəs yeməkdən yeyə bilər.
23Lakin o, bədənində qüsuru olduğuna görə nə müqəddəs pərdəyə, nə də qurbangaha yaxınlaşmasın ki, Müqəddəs məkanlarımı ləkələməsin, çünki onları təqdis edən Rəbb Mənəm”».
24Musa Harunla oğullarına və bütün İsrail övladlarına belə dedi.