Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər

Levililər 23

Help us?
Click on verse(s) to share them!
1Rəbb Musaya dedi:
2«İsrail övladlarına belə de: “Rəbbin təyin etdiyi bayramlar, Mənim bayramlarım bunlardır. Bu vaxt müqəddəs toplantı çağırın:
3Altı gün işinizi görün, yeddinci gün isə Şənbə istirahət və müqəddəs toplantı günüdür. Qoy Rəbbin bu Şənbə günü yaşadığınız bütün yerlərdə heç bir iş görülməsin.
4Rəbbin təyin etdiyi bu müqəddəs toplantı günlərini bayramlar elan edin.
5Birinci ayın on dördü axşamçağı Rəbbin Pasxa bayramıdır.
6Həmin ayın on beşi Rəbbin Mayasız Çörək bayramıdır. Yeddi gün mayasız çörək yeyin.
7Birinci gün müqəddəs toplantınız olsun; gündəlik işlərinizi görməyin.
8Bu yeddi gün ərzində Rəbb üçün yandırma təqdimi gətirin. Yeddinci gün isə müqəddəs toplantınız olsun; gündəlik işlərinizi görməyin”».
9Rəbb Musaya belə dedi:
10«İsrail övladlarına de: “Sizə verəcəyim torpağa gəldiyiniz zaman məhsulunuzu biçəndə biçdiyiniz ilk dərzi kahinin yanına gətirin.
11O, dərzi Rəbbin hüzurunda yellədərək təqdim etsin ki, sizdən qəbul olunsun. Kahin onu Şənbənin ertəsi günü yellətsin.
12Dərzi yellətdiyiniz gün Rəbbə birillik qüsursuz erkək toğlu yandırma qurbanı kimi kəsin.
13Toğlu ilə birlikdə taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş bir efanın onda ikisi olan miqdarda narın un gətirin. Bu, Rəbb üçün yandırma təqdimi – Onun xoşuna gələn ətirdir. İçmə təqdimi olaraq da bir hin şərabın dörddə birini gətirin.
14Bu qurbanı Allahınıza təqdim etdiyiniz həmin günə qədər nə çörək, nə qovurğa, nə də təzə sünbül yeməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.
15Şənbənin ertəsi günü olan yellədilən dərzi gətirdiyiniz gündən tam yeddi həftə,
16yeddinci Şənbə gününün ertəsinədək əlli gün sayın, sonra Rəbbə təzə taxıl təqdimi gətirin.
17Yaşadığınız hər yerdən yellədib təqdim etmək üçün bir efanın onda ikisi narın undan maya ilə bişirilmiş iki kömbə çörəyi Rəbbə nübar təqdimi gətirin.
18Çörəklə birgə birillik yeddi qüsursuz toğlu, bir buğa və iki qoç təqdim edin. Bunlar taxıl təqdimləri və içmə təqdimləri ilə birlikdə Rəbb üçün yandırma qurbanıdır, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.

19Günah qurbanı üçün bir təkə, ünsiyyət qurbanı üçün isə iki birillik toğlu gətirin.
20Kahin bu iki toğlunu nübar çörəyi ilə birgə Rəbbin hüzurunda yellədərək təqdim etsin. Bunlar kahinin Rəbb üçün müqəddəs payı olsun.
21Həmin gün özünüz üçün müqəddəs toplantı elan edin və heç bir gündəlik iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.
22Torpağınızda məhsul biçəndə tarlanın qıraqlarını biçməyin və biçindən düşən başaqları yığmayın. Qoy qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm”».
23Rəbb Musaya dedi:
24«İsrail övladlarına belə de: “Yeddinci ayın birinci günü sizin üçün istirahət günü, şeypur çalınma ilə qeyd olunan gün, müqəddəs toplantı günü olsun.
25O gün heç bir gündəlik iş görməyin və Rəbb üçün yandırma təqdimi gətirin”».
26Rəbb Musaya dedi:
27«İsrail övladlarına de: “Yeddinci ayın onu isə Kəffarə günüdür, müqəddəs toplantınız olsun; özünüzü hər şeydən məhrum edin və Rəbb üçün yandırma təqdimi gətirin.
28Həmin gün heç bir iş görməyin, çünki bu, Allahınız Rəbbin hüzurunda sizin üçün kəffarə edilən Kəffarə günüdür.
29Həmin o gün özünü hər şeydən məhrum etməyən adam xalqı arasından qovulsun.
30O gün hər hansı bir iş görən adamı Mən xalqı arasından yox edəcəyəm.
31Heç bir iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.
32O gün sizin üçün Şənbə istirahət günü kimidir. Özünüzü hər şeydən məhrum edin. Ayın doqquzuncu günü axşamdan ertəsi günün axşamına qədər Şənbə günü kimi istirahət edin”».
33Rəbb Musaya dedi:
34«İsrail övladlarına söylə: “Həmin yeddinci ayın on beşinci günündən Rəbb üçün yeddi gün Çardaqlar bayramını keçirin.
35Birinci gün müqəddəs toplantı günüdür. Gündəlik işlərinizi görməyin.
36Bu yeddi gün ərzində Rəbbə yandırma təqdimləri gətirin. Səkkizinci gün isə müqəddəs toplantınız olsun və Rəbbə yandırma təqdimləri gətirin. Bu gün təntənəli toplantı günüdür, gündəlik işlərinizi görməyin.

37Bunlar Rəbbin təyin etdiyi bayramlardır: bu zaman müqəddəs toplantı çağırıb hər birini öz günündə olmaqla yandırma təqdimlərini – yandırma qurbanlarını, taxıl təqdimlərini, ünsiyyət qurbanlarını və içmə təqdimlərini Rəbbə gətirin.
38Bunlar Rəbbin Şənbələrinə və Rəbbə verdiyiniz bütün ianələrə, bütün əhdlərin ödəmələrinə, bütün könüllü təqdimlərə əlavədir.
39Üstəlik yeddinci ayın on beşinci günü torpağın məhsullarını yığandan sonra yeddi gün Rəbb üçün bayram keçirin. Birinci gün və səkkizinci gün istirahət günləri olsun.
40Birinci gün gözəl ağacların meyvələrini, xurma ağaclarının budaqlarını, sıx yarpaqlı ağacların və çay kənarında bitən qovaq ağaclarının budaqlarını toplayıb Allahınız Rəbbin hüzurunda yeddi gün şənlik edin.
41Hər il Rəbb üçün bu bayramı yeddi gün keçirin. Bu, nəsildən-nəslə sizin üçün əbədi qaydadır; bu bayramı yeddinci ayda qeyd edin.
42Yeddi gün çardaqlarda qalın; bütün yerli İsraillilər çardaqlarda yaşasın.
43Beləliklə, sizin nəsilləriniz bilsin ki, Mən İsrail övladlarını Misir torpağından çıxarandan sonra onları çardaqlarda yerləşdirdim. Allahınız Rəbb Mənəm”».
44Beləcə Musa İsrail övladlarına Rəbbin təyin etdiyi bayramlar barəsində nəql etdi.