Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Hakimlər - Hakimlər 16

Hakimlər 16:12-31

Help us?
Click on verse(s) to share them!
12Delila yeni iplər götürüb onlarla Şimşonu bağlayıb dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Pusquda duranlar iç otaqda qalmışdı. O isə qollarındakı iplərin sarığını sap kimi qırdı.
13Delila Şimşona dedi: «Bəsdir, indiyə qədər məni lağa qoyub yalan dedin. İndi isə bir başa sal görüm, səni nə ilə bağlamaq olar?» Şimşon dedi: «Saçımın yeddi hörüyünü toxucu dəzgahındakı parça ilə toxusan».
14Sonra Delila onun saçının yeddi hörüyünü payaya bərkitdi və onu səslədi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» O yuxudan oyandı və toxucu dəzgahının payasını parça ilə qopardı.
15Delila dedi: «Ürəyində mənə etibarın yox ikən necə “səni sevirəm” deyirsən? Bununla üçüncü dəfədir ki, məni lağa qoyursan və bu böyük qüvvənin səndə haradan olduğunu mənə bildirmirsən».
16Qadının bu sözlərindən, hər gün ona əziyyət və başağrısı verməsindən Şimşonun canı boğazına yığıldı.
17Ona görə də ürəyinin sirrini qadına açdı: «Mənim başıma ülgüc dəyməmişdi, çünki mən ana bətnindən Allahın Nəzirisiyəm. Əgər başım qırxılsa, o zaman bu qüvvə məndən çıxar və gücdən düşüb adi adam kimi olaram».
18Delila Şimşonun ürəyinin sirrini ona açdığını görəndə Filiştlilərin ağalarına xəbər göndərib onları çağırdı və dedi: «Bu dəfə də buraya gəlin, çünki o, ürəyindəki sirri mənə açdı». Filiştlilərin ağaları əllərində gümüş gətirərək Delilanın yanına gəldilər.
19Delila dizləri üstündə Şimşonu yuxuya verdi. Sonra adam çağırıb onun saçının yeddi hörüyünü qırxdırdı və bununla onu gücdən saldı. Şimşonun gücü get-gedə yox oldu.
20Delila yenə dedi: «Filiştlilər sənin üstünə gəldilər, ey Şimşon!» Şimşon yuxudan oyanıb düşündü: «Başqa vaxtlarda olduğu kimi bu dəfə də onların əlindən sıçrayıb çıxaram». Lakin bilmirdi ki, Rəbb ondan ayrılıb.
21Filiştlilər onu yaxalayıb gözlərini çıxartdılar. Onu Qəzzəyə endirib tunc zəncirlərlə bağladılar. O, zindanda dəyirman daşı çəkirdi.
22Lakin Şimşonun qırxılmış saçı yenidən bitməyə başladı.
23Filiştlilərin ağaları öz allahları Daqona böyük qurban kəsmək və şənlik etmək üçün yığılıb dedilər: «Allahımız düşmənimiz Şimşonu bizə təslim etdi».
24Xalq Şimşonu görəndə öz allahlarına həmdlər etdi və dedi: «Ölkəmizə ziyan vuran, Bizdən bir çoxunu öldürən Düşmənimizi allahımız bizə təslim etdi».
25Onların kefi kökələndə dedilər: «Şimşonu bura gətirin, qoy bizi əyləndirsin». Onlar Şimşonu zindandan çağırtdırdılar və Şimşon onların qarşısında oynadı. Onu dirəklər arasında dayandırdılar.
26Şimşon əlindən tutan gəncə dedi: «Nə olar, məni burax, məbədin damını saxlayan dirəklərə toxunum və onlara söykənim».
27Məbəd kişi və qadınlarla dolu idi. Filiştlilərin bütün ağaları da orada idi. Şimşonun oynamasına tamaşa edən üç minə qədər kişi və qadın isə damın üstündə idi.
28Şimşon Rəbbə fəryad edib dedi: «Ey Xudavənd Rəbb, yalvarıram, məni yada sal. Yalvarıram, ay Allah, mənə ancaq bu dəfəlik qüvvət ver ki, bu Filiştlilərdən iki gözüm üçün bir zərbə ilə qisas alım».
29Şimşon əllərini məbədin damını saxlayan iki orta dirəyə uzatdı. Sağ əli ilə bir, sol əli ilə isə o biri dirəkdən yapışdı.
30Şimşon «qoy mən də Filiştlilərlə bir ölüm» dedi. Sonra var gücü ilə əyilərək dirəkləri itələyib məbədin damını oradakı bütün ağaların və xalqın üzərinə saldı. Beləliklə, Şimşon öləndə həyatı boyu öldürdüyü adamlardan daha çox adam öldürdü.
31Onun qardaşları, atasının bütün külfəti məbədə endilər və Şimşonun meyitini oradan çıxarıb apardılar. Onu Sora ilə Eştaol arasında atası Manoahın məqbərəsində dəfn etdilər. Şimşon İsraildə iyirmi il hakimlik etmişdi.

Read Hakimlər 16Hakimlər 16
Compare Hakimlər 16:12-31Hakimlər 16:12-31