1Habaqquq peyğəmbərə görüntü ilə nazil olan xəbərdarlıq.
2Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam? Sənsə eşitmirsən. «Zorakılıq var!» deyə Sənə fəryad edirəm, Lakin bizi qurtarmırsan.
3Niyə mənə şər göstərirsən, Özün də haqsızlığa baxırsan? Hara nəzər salsam, Orada soyğunçuluq və zorakılıq var, Davaların, çəkişmələrin sonu yoxdur.
4Buna görə qanun qüvvədən düşdü, Ədalətə üstünlük verilmir. Pis adamlar salehləri dövrəyə alır, Ona görə ədalət təhrif olunur.
5Baxın o biri millətlərə, Gördüklərinizə təəccüblənərək mat qalın. Sizin vaxtınızda elə işlər görəcəyəm ki, Bunu sizə danışsalar, inanmazsınız.
6Budur, Mən amansız və qəddar milləti – Dünyanın dörd tərəfinə yüyürən, Özgə məskənləri zəbt edən Xaldeyliləri qaldırıram.
7Onlar dəhşətli və qorxuncdur, Ədalət və şərəf yalnız onlar deyəndir.
8Atları bəbirdən çevik, Özləri isə ac qurddan daha azğındır, Süvariləri yeri deşərək uzaqdan gəlir, Şikarını yeməyə cuman qartal kimi şığıyır.
9Onların hamısı zorakılıq üçün gəlir, Hamısı bir nəfər kimi irəliyə üz tutur, Əsirləri qum kimi yığırlar.
10Padşahlara rişxənd edirlər, Hökmdarlara gülürlər. Hər qalalı şəhərə lağ edirlər, Oraya torpaq qalağı töküb ələ keçirirlər.
11Onlar yel kimi keçib-gedir. Qüvvələrini özlərinə allah edən bu adamlar Təqsirkar sayılacaq.
12Əzəldən bəri var olan Sən deyilsənmi? Ya Rəbb, Allahım, Müqəddəs Olanım, Biz ölməyəcəyik. Ya Rəbb, məhkum etmək üçün onları təyin etdin. Ey Qayamız, bizi cəzalandırma hökmünü onlara verdin.
13Sənin gözlərin çox təmizdir, Şəri görən gözün yoxdur, Pis əməllərə dözə bilmirsən. Bəs xəyanətkarlara necə baxa bilirsən? Pis özündən daha salehin başını yeyəndə Axı niyə susursan?
14Sən insanları sanki dəniz balıqlarına, Başçıları olmayan sürünən canlılara çevirdin.
15O onların hamısını qarmaqla çəkir, Torla çıxarır, ağlarına yığır, Buna sevinib-şadlanır.
16Buna görə torları üçün qurban kəsir, Ağları üçün buxur yandırır, Axı o bu torlarla Bol və ləzzətli yemək əldə edir.
17Torunu durmadan boşaltmağa, Millətləri amansızcasına qırmağa davam edəcəkmi?