1Bu işlərdən sonra Fars padşahı Artaxşastanın dövründə başçı kahin Harun oğlu Eleazar oğlu Pinxas oğlu Avişua oğlu
2Buqqi oğlu Uzzi oğlu
3Zerahya oğlu Merayot oğlu Azarya oğlu Amarya oğlu
4Axituv oğlu Sadoq oğlu Şallum oğlu
5Xilqiya oğlu Azarya oğlu Seraya oğlu Ezra Babildən çıxdı.
6Babildən gələn bu Ezra İsrailin Allahı Rəbbin Musaya verdiyi Qanunu yaxşı bilən ilahiyyatçı idi. Allahı Rəbbin əli onun üzərində olduğuna görə padşah Ezranın istədiyi hər bir şeyi vermişdi.
7Padşah Artaxşastanın hakimiyyətinin yeddinci ilində İsrail övladlarından, kahinlərdən, Levililərdən, ilahiçilərdən, məbəddəki qapıçılardan və qulluqçulardan bəziləri Yerusəlimə qayıtdı.
8Ezra Yerusəlimə çatanda Artaxşastanın hökmdarlığının yeddinci ilinin beşinci ayı idi.
9O, birinci ayın birinci günündə Babildən yola düşüb beşinci ayın birində Yerusəlimə çatdı, çünki Allahın mərhəmətli əli onun üzərində idi.
10Ezra özünü Rəbbin Qanununu tədqiq və tətbiq etməyə, İsraildə qayda-qanunları öyrətməyə həsr etmişdi.
11Rəbbin əmrlərini və İsrailə buyurduğu qanunları öyrədən ilahiyyatçı, kahin Ezraya padşah Artaxşasta bu məzmunda məktub vermişdi:
12«Padşahlar padşahı Artaxşastadan göylərin Allahının qanunlarını öyrədən kahin Ezraya bildiriş:
13İndi mən əmr edirəm ki, padşahlığımda olan İsrail xalqından, kahinlərdən, Levililərdən könüllü olaraq Yerusəlimə getmək istəyən hər kəs səninlə getsin.
14İndi sən padşahla yeddi məsləhətçisi tərəfindən əlində olan Allahın Qanununa əsasən Yəhuda və Yerusəlimdəki vəziyyəti öyrənmək üçün göndərilirsən.
15Yerusəlimi məskəni edən İsrailin Allahına padşah və məsləhətçilərinin könüllü təqdim etdikləri qızıl-gümüşü götür.
16Xalqın və kahinlərin İsrailin Allahının Yerusəlimdəki məbədinə könüllü surətdə verdikləri hədiyyələrlə bərabər Babil vilayətinin hər tərəfindən yığacağın qızıl-gümüşün hamısını götür.
17Sonra bu pulla tez buğalar, qoçlar, quzular, taxıl və şərab təqdimlərini alarsan. Onları Allahınızın Yerusəlimdəki məbədinin qurbangahında təqdim edərsiniz.
18Sən və qardaşların qızıl-gümüşün qalan hissəsini Allahın iradəsinə uyğun, istədiyin kimi istifadə edə bilərsiniz.
19Allahının məbədində ibadət zamanı işlətmək üçün sənə qaytarılan qabları isə Yerusəlim Allahının hüzurunda təhvil ver.
20Allahın məbədinə başqa nə lazım olarsa, sən onu padşah xəzinəsindən ödə.
21Mən padşah Artaxşasta Fərat çayının qərb torpaqlarının bütün xəzinədarlarına əmr edirəm ki, göylər Allahının Qanununun ilahiyyatçısı, kahin Ezranın hər istəyini diqqətlə yerinə yetirin.
22Yüz talanta qədər gümüş, yüz kora qədər buğda, yüz bata qədər şərab, yüz bata qədər zeytun yağı və istədikləri qədər duz verin.
23Göylərin Allahının məbədi üçün, bu Allah tərəfindən hər nə əmr olunarsa, yerli-yerində ona əməl edilsin. Niyə padşahın və övladlarının ölkəsi qəzəbə düçar olsun?
24Sizə bildiririk ki, kahinlərdən, Levililərdən, ilahiçilərdən, bu Allah evinin qapıçılarından, qulluqçularından, digər xidmətçilərindən xərac, vergi və gömrük istəməyə izin yoxdur.
25Sən Ezra Allahın sənə verdiyi müdrikliyə görə orada hakimlər və qazilər təyin et. Qoy onlar Fərat çayının qərbində olan bütün xalqa – sənin Allahının qanunlarını bilənlərin hamısına hökm etsinlər. Bilməyənləri də sən öyrətməlisən.
26Sənin Allahının qanununa və padşahın qanununa əməl etməyən adam mütləq ölüm, sürgün, əmlak müsadirəsi yaxud həbs cəzaları ilə cəzalansın».
27Atalarımızın Allahı Rəbbə alqış olsun ki, padşahın qəlbində Rəbbin Yerusəlimdə olan məbədinə belə hörmət göstərmək istəyini yaratdı.
28Rəbb padşahın, onun məsləhətçilərinin və bütün güclü rəislərinin mənə yaxşı münasibətini yaratdı. Üzərimdə olan Allahım Rəbbin əlindən qüvvət alaraq mənimlə bərabər getmək üçün İsrailin başçılarından bəzilərini yanıma topladım.