5Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.
6Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.
7Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər.
8Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir.
9Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun,
10Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun.
11Gündəlik çörəyimizi bizə bu gün ver.
12Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla.
13Bizi sınağa çəkmə, Lakin bizi şər olandan xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin”.
14Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar.
15Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz.
16Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar.
17Amma sən oruc tutanda başına yağ çək və üzünü yu.
18Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.
19Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar.
20Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar.
21Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq.
22Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq.
23Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür!
24Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz.
25Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi?