Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 22

Luka 22:35-58

Help us?
Click on verse(s) to share them!
35Sonra şagirdlərə dedi: «Mən sizi kisəsiz, torbasız və çarıqsız göndərəndə bir şeydə korluq çəkmisinizmi?» Onlar cavab verdilər: «Heç bir şeydə».
36Onda İsa onlara dedi: «İndi isə kisəsi və torbası olan bunları götürsün. Qılıncı olmayan da öz paltarını satıb qılınc alsın.
37Çünki sizə deyirəm: bu yazılmış olan “Üsyankarlara tay tutuldu” sözü Məndə tam yerinə yetməlidir. Çünki Mənim barəmdə yazılanlar tamam olur».
38Onlar dedilər: «Ya Rəbb, budur, burada iki qılınc var». O isə onlara dedi: «Bu kifayətdir».
39İsa çıxıb adətinə görə Zeytun dağına getdi. Şagirdlər də Onun ardınca getdi.
40Oraya çatanda İsa onlara dedi: «Dua edin ki, sınağa düşməyəsiniz».
41İsa Özü isə onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çöküb dua etdi.
42O belə dedi: «Ey Ata, əgər Sənin iradənə məqbuldursa, bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun».
43Göydən bir mələk İsaya göründü və Onu qüvvətləndirdi.
44İsa dəhşətli iztirab içində daha səylə dua edirdi. Onun təri yerə düşən qan damlalarına bənzəyirdi.
45İsa duadan qalxıb şagirdlərin yanına gəldi, onları kədərdən üzülmüş və yatmış tapdı.
46O, şagirdlərə dedi: «Nə üçün yatırsınız? Qalxın, dua edin ki, sınağa düşməyəsiniz».
47İsa hələ danışarkən bir izdiham göründü. On İki şagirddən biri, Yəhuda adlı bir nəfər onlardan qabaqda gedirdi. O, İsanı öpmək üçün yaxınlaşdı.
48Amma İsa ona dedi: «Yəhuda, sən Bəşər Oğlunu bir öpüşləmi satırsan?»
49İsanın ətrafında olanlar nə baş verəcəyini görəndə Ona dedilər: «Ya Rəbb, bəlkə qılıncla vuraq?»
50Onlardan biri baş kahinin qulunu vurub sağ qulağını qopartdı.
51Lakin İsa dedi: «Bəsdir, eləməyin». Sonra qulun qulağına toxunaraq onu sağaltdı.
52İsa üstünə gələn başçı kahinlərə, məbəd mühafizəçilərinin başçılarına və ağsaqqallara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə gəlmisiniz?
53Mən hər gün məbəddə sizinlə birlikdə olanda siz Mənə əl qaldırmadınız. Amma indi sizin vaxtınızdır, zülmət hökmranlığıdır».
54İsanı tutub apardılar və baş kahinin evinə gətirdilər. Peter isə uzaqdan Onun ardınca gedirdi.
55Həyətin ortasında tonqal qalanmışdı. Peter gəlib onun ətrafında oturanların arasında oturdu.
56Qarabaşlardan biri tonqalın işığında oturan Peteri gördü. Ona diqqətlə baxıb dedi: «Bu adam da İsa ilə birlikdə idi».
57Amma Peter «Ay arvad, mən Onu tanımıram!» deyərək Onu inkar etdi.
58Bir az sonra başqa bir adam onu görüb dedi: «Sən də onlardansan». Amma Peter dedi: «Ay kişi, mən deyiləm!»

Read Luka 22Luka 22
Compare Luka 22:35-58Luka 22:35-58