10İsa «xalqı yerə oturdun» dedi. Ora otla örtülmüşdü. Xalq da oturdu. Kişilərin sayı beş minə yaxın idi.
11O zaman İsa çörəkləri götürüb şükür edərək balıqlarla birgə, oturanlara – hər kəsə istədiyi qədər payladı.
12Onlar yeyib-doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan hissələri toplayın ki, heç bir şey zay olmasın».
13Bunları topladılar və beş arpa çörəyini yeyənlərin qabağından qalan hissələrdən on iki zənbil doldurdular.
14O zaman İsanın göstərdiyi əlaməti görən adamlar «Həqiqətən, dünyaya gəlməli olan peyğəmbər Budur!» deyirdi.
15İsa bildi ki, adamlar gəlib Onu padşah etmək üçün zorla aparmağa hazırlaşır, buna görə də təkbaşına dağa çəkildi.
16Axşam çatanda İsanın şagirdləri gölə enib
17bir qayığa mindilər. Onlar gölün o biri sahilində olan Kefernahuma gedirdilər. Qaranlıq düşmüşdü, amma İsa hələ onların yanına gəlməmişdi.
18Güclü külək əsdiyindən göl dalğalanırdı.
19Onlar beləcə avar çəkib iyirmi beş ya otuz stadi gedəndən sonra gördülər ki, İsa gölün üstü ilə yeriyir və qayığa yaxınlaşır. Qorxdular,
20amma İsa onlara «Mənəm, qorxmayın» dedi.
21Onda şagirdlər Onu məmnunluqla qayığa götürdülər. Sonra qayıq o andaca getdikləri sahilə çatdı.
22Ertəsi gün gölün o biri sahilində qalan xalq başa düşdü ki, orada yalnız bir qayıqolub, İsa Öz şagirdləri ilə həmin qayığa minməyib, şagirdləri Onsuz gedib.
23O arada Tiberiyadan digər qayıqlar Rəbb şükür edəndən sonra yemək yedikləri yerin yaxınlığına gəldilər.
24Beləcə xalq İsanın da, şagirdlərinin də orada olmadığını görüb qayıqlara minərək İsanı axtara-axtara Kefernahuma gəldi.
25İsanı gölün o biri sahilində görəndə «Rabbi, buraya nə vaxt gəldin?» deyə soruşdular.
26İsa onlara cavab olaraq dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: əlamətlər gördüyünüz üçün deyil, çörək yeyib doyduğunuz üçün Məni axtarırsınız.
27Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhürünü vurub».
28Onlar İsadan soruşdular: «Allahın istədiyi işləri görmək üçün biz nə edək?»
29İsa onlara cavab verdi: «Allahın istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin».
30Onlar İsaya dedilər: «Sən nə əlamət göstərərsən ki, görüb Sənə inanaq? Nə iş görəcəksən?
31Ata-babalarımız çöldə manna yedi; bu barədə yazılıb: “Onlara yemək üçün göydən çörək verdi”».
32Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi, göydən həqiqi çörəyi sizə verən Atamdır.
33Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir».
34Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver».
35İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz.
36Lakin sizə dedim ki, Məni görürsünüz, amma iman etmirsiniz.
37Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram.
38Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm.
39Məni Göndərənin iradəsi budur ki, Mənə verdiyi şəxslərin heç birini həlak olmağa qoymayım, lakin son gündə onları dirildim.
40Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim».
41Bunun cavabında Yəhudilər İsanın «göydən enmiş çörək Mənəm» sözünə görə deyinib
42dedilər: «Bu, ata-anasını tanıdığımız, Yusifin Oğlu olan İsa deyilmi? İndi necə olur ki, “göydən enmişəm” deyir?»
43İsa onlara cavab verdi: «Öz-özünüzə deyinməyin.
44Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm.