Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yəhya

Yəhya 10

Help us?
Click on verse(s) to share them!
1Doğrusunu, doğrusunu sizə deyirəm: qoyun ağılına qapıdan girməyib başqa yerdən aşan oğru və quldurdur.
2Amma qapıdan girən qoyunların çobanıdır.
3Keşikçi qapını onun üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar.
4Öz qoyunlarının hamısını çölə çıxarandan sonra onların önündə gedər və qoyunlar da ardınca gedər, çünki onun səsini tanıyırlar.
5Amma yad adamın ardınca getməzlər, ondan qaçarlar, çünki yad adamların səsini tanımazlar».
6İsa bu məsəli onlara söylədi, amma onlar İsanın sözlərinin mənasını anlamadılar.
7İsa yenə onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: qoyunların qapısı Mənəm.
8Məndən əvvəl gələnlərin hamısı oğru və quldur idi, amma qoyunlar onlara qulaq asmadı.
9Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar.
10Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun.
11Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər.
12Qoyunların çobanı olmayan muzdur isə canavarın gəldiyini görəndə onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar.
13Muzdur qaçar, çünki muzdurdur, qoyunlar üçün qayğı çəkməz.
14Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm.
16Bu ağıldan olmayan başqa quzularım var ki, onları da gətirməliyəm. Onlar da səsimi eşidəcək, beləcə tək sürü, tək Çoban olacaq.
17Buna görə də Ata Məni sevir, çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım.
18Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var. Bu əmri Atamdan almışam».
19Bu sözlər üstündə Yəhudilər arasında yenə fikir ayrılığı düşdü.

20Onların çoxu dedi: «Onda cin var, dəlidir. Niyə Ona qulaq asırsınız?»
21Başqaları isə dedilər: «Bunlar cinə tutulmuş adamın sözləri deyil. Cin heç kor adamın gözlərini aça bilərmi?»
22O vaxt Yerusəlimdə Təqdis bayramı keçirilirdi. Qış idi.
23İsa məbədin həyətində olan Süleymanın eyvanında gəzirdi.
24Yəhudilər İsanın ətrafına yığılıb Ona dedilər: «Nə vaxta qədər ürəyimizi intizarda saxlayacaqsan? Əgər Sən Məsihsənsə, bizə açıq söylə».
25İsa onlara cavab verdi: «Sizə söylədim, ancaq buna inanmırsınız. Atamın adı ilə gördüyüm işlər Mənim barəmdə şəhadət edir.
26Amma siz inanmırsınız, çünki Mənim quzularımdan deyilsiniz.
27Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər.
28Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq.
29Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz.
30Mən və Ata birik».
31Yəhudilər yenə yerdən daş götürdülər ki, Onu daşqalaq etsinlər.
32İsa onlara dedi: «Sizə Atadan gələn çoxlu yaxşı iş göstərdim. Siz bunların hansına görə Məni daşqalaq etmək istəyirsiniz?»
33Yəhudilər Ona cavab verdilər: «Səni yaxşı işinə görə deyil, insan olduğun halda Özünü Allah sayaraq küfr etdiyinə görə daşqalaq edirik».
34İsa onlara dedi: «Məgər sizin öz Qanununuzda yazılmayıb ki, “demişəm: ‹Siz allahlarsınız›”?
35Allah Öz kəlamını göndərdiyi adamlara “allahlarsınız” deyir. Müqəddəs Yazı ki pozula bilməz.
36Bəs siz niyə “Allahın Oğluyam” dediyim üçün Mənə – Atanın təqdis edib dünyaya göndərdiyi Şəxsə “küfr edirsən” deyirsiniz?
37Əgər Atamın işlərini görmürəmsə, Mənə inanmayın.

38Amma bu işləri görürəmsə, Mənə inanmasanız da, bunlara inanın. Onda Atanın Məndə, Mənim də Atada olduğumu anlayıb bilərsiniz».
39Onlar yenə İsanı tutmağa çalışdı, amma O, əllərindən sıyrılıb çıxdı.
40İsa yenə İordanın o biri sahilinə, Yəhyanın əvvəllər vəftiz etdiyi yerə getdi və orada qaldı.
41Çoxlu adam Onun yanına gəlib dedi: «Yəhya heç bir əlamət göstərməsə də, onun bu Adam barədə dediyi bütün sözlər doğru çıxdı».
42Bir çox adam da orada İsaya iman etdi.