Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yəhya

Yəhya 14

Help us?
Click on verse(s) to share them!
1Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin.
2Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm?
3Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.
4Gedəcəyim yerə aparan yolu tanıyırsınız».
5Tomas İsaya dedi: «Ya Rəbb, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik?»
6İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.
7Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız. İndidən siz Onu tanıyırsınız, Onu görmüsünüz».
8Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu bizim üçün kifayətdir».
9İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən?
10Mənim Atada, Atanın da Məndə olduğuna inanmırsanmı? Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür.
11Mən Atadayam, Ata da Məndədir, bu sözümə inanın. Heç olmasa o işlərə görə inanın.
12Doğrusunu, doğrusunu sizə deyirəm: Mənə iman edən şəxs Mənim etdiyim işləri özü də edəcək, hətta bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm
13və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin.
14Əgər Mənim adımla Məndən bir şey diləsəniz, onu edəcəyəm.
15Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz.
16Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun.
17O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq.
18Sizi yetim qoymaram, yanınıza gələcəyəm.

19Az bir müddətdən sonra dünya daha Məni görməyəcək, amma siz Məni görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız.
20O gün biləcəksiniz ki, Mən Atamdayam, siz Məndəsiniz və Mən sizdəyəm.
21Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm».
22İskaryot deyil, o biri Yəhuda Ona dedi: «Ya Rəbb, necə olacaq ki, Özünü dünyaya deyil, bizə zahir edəcəksən?»
23İsa ona cavab verdi: «Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq.
24Məni sevməyənsə sözlərimə riayət etməz. Eşitdiyiniz söz Mənim deyil, Məni göndərən Atanın sözüdür.
25Hələ yanınızda qalarkən sizə bu sözləri söylədim.
26Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq.
27Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın.
28Sizə “indi gedirəm, sonra yenə yanınıza gələcəyəm” söylədiyimi eşitdiniz. Əgər Məni sevsəydiniz, Atanın yanına gedəcəyimə sevinərdiniz, çünki Ata Məndən üstündür.
29Bunu indi öncədən sizə söylədim ki, baş verəndə buna inanasınız.
30Daha sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun Mənim üzərimdə heç bir səlahiyyəti yoxdur.
31Ancaq dünya bilməlidir ki, Mən Atanı sevirəm və Ata Mənə nə əmr etdisə, ona əməl edirəm. İndi isə qalxın buradan gedək.