Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yəhya

Yəhya 18

Help us?
Click on verse(s) to share them!
1İsa bunları söylədikdən sonra şagirdləri ilə birgə çıxıb Qidron vadisinin o biri tayına keçdi. Orada bir bağça var idi. İsa və şagirdləri oraya girdilər.
2Ona xəyanət edən Yəhuda da bu yeri tanıyırdı, çünki İsa tez-tez şagirdləri ilə orada yığışırdı.
3Beləcə Yəhuda bir alay əsgərlə başçı kahinlərin və fariseylərin göndərdiyi bəzi mühafizəçiləri götürüb çıraqlar, məşəllər və silahlarla oraya gəldi.
4İsa başına gələcək hər şeyi bildiyi üçün qabağa çıxdı və «Kimi axtarırsınız?» deyə onlardan soruşdu.
5Ona cavab verdilər: «Nazaretli İsanı». İsa onlara «Mənəm» dedi. Ona xəyanət edən Yəhuda da onlarla yanaşı idi.
6İsa onlara «Mənəm» deyəndə geri çəkilib yerə qapandılar.
7Onda yenə «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. Onlar da «Nazaretli İsanı» dedilər.
8İsa cavab verdi: «Sizə dedim ki, Mənəm. Əgər Məni axtarırsınızsa, yanımdakıları buraxın getsinlər».
9Bunu etdi ki, əvvəlcə dediyi «Mənə verdiyin şəxslərin heç birini həlak olmağa qoymadım» sözü yerinə yetsin.
10Şimon Peterin yanında qılınc var idi. Onu çəkib baş kahinin qulunu vuraraq sağ qulağını kəsdi. O qulun adı Məlik idi.
11Onda İsa Peterə dedi: «Qılıncı qınına qoy! Atanın Mənə verdiyi kasanı içməyimmi?»
12Beləcə minbaşı ilə alay və Yəhudi başçılarının mühafizəçiləri İsanı tutub əl-qolunu bağladılar.
13Onu əvvəlcə Xananın yanına apardılar, çünki Xanan o il baş kahin olan Qayafanın qayınatası idi.
14Bu həmin Qayafa idi ki, «bir Adamın xalq uğrunda ölməsi yaxşıdır» deyə Yəhudi başçılarına məsləhət vermişdi.
15Şimon Peter və başqa bir şagird İsanın ardınca gedirdilər. Baş kahin həmin şagirdi tanıdığı üçün o, İsa ilə birlikdə baş kahinin həyətinə girdi.
16Peter isə bayırda qapının yanında durmuşdu. O vaxt baş kahinin tanıdığı bu şagird bayıra çıxıb qapıçı qızla danışdı və Peteri içəri gətirdi.
17Bu arada qapıçı qız Peterdən soruşdu: «Yoxsa sən də bu Adamın şagirdlərindənsən?» O isə «xeyr, deyiləm» dedi.
18Soyuq olduğu üçün qullar və mühafizəçilər orada ocaq qalamışdılar və ətrafında dayanıb isinirdilər. Peter də onlarla yanaşı dayanıb isinirdi.

19O vaxt baş kahin İsadan şagirdləri və təlimi barədə soruşdu.
20İsa ona cavab verdi: «Mən dünyaya açıq söyləmişəm, Yəhudilərin hamısının toplaşdıqları sinaqoqlarda və məbəddə həmişə təlim öyrədirdim, Mən heç nəyi gizli söyləməmişəm.
21Niyə Məndən soruşursan? Nə dediyimi eşidən adamlardan soruş. Axı onlar Mənim söylədiyim şeyləri bilirlər».
22İsa bu sözləri söyləyəndən sonra orada duran mühafizəçilərdən biri «Baş kahinə beləmi cavab verirsən?» deyib Ona bir şillə vurdu.
23İsa ona cavab verdi: «Əgər haqsız danışdımsa, haqsız olduğunu sübut et. Əgər doğru dedimsə, onda Məni nə üçün vurursan?»
24Xanan Onu əl-qolu bağlı halda baş kahin Qayafanın yanına göndərdi.
25Şimon Peter bayırda durub isinirdi. Ondan soruşdular: «Yoxsa sən də Onun şagirdlərindənsən?» O inkar edib «xeyr, deyiləm» söylədi.
26Baş kahinin qullarından biri Peterin vurub qulağını kəsdiyi adamın qohumu idi. Həmin qul «Səni bağçada Onunla birlikdə görmədimmi?» deyə Peterdən soruşdu.
27Peter yenə inkar etdi. Həmin anda xoruz banladı.
28Sonra Yəhudi başçıları İsanı Qayafanın yanından vali sarayına apardılar. Səhər açılırdı. Amma özləri vali sarayına girmədilər ki, murdar olmasınlar və Pasxa yeməyini yeyə bilsinlər.
29Ona görə də Pilat bayıra, onların yanına çıxıb dedi: «Bu Adamı nədə ittiham edirsiniz?»
30Onlar Pilata cavab verdilər: «Əgər bu Adam cinayətkar olmasaydı, Onu sənə təslim etməzdik».
31Pilat onlara dedi: «Onu siz götürüb öz Qanununuza görə mühakimə edin». Yəhudi başçıları Pilata dedi: «Bizim heç kəsi edam etməyə icazəmiz yoxdur».
32Onlar belə dedilər ki, İsanın necə bir ölümlə öləcəyinə işarə edərək söylədiyi söz yerinə yetsin.
33Pilat yenə vali sarayına girdi, İsanı çağırıb Ona dedi: «Yəhudilərin Padşahı Sənsənmi?»
34İsa cavab verdi: «Sən bunu özündənmi söyləyirsən, yoxsa başqaları sənə Mənim barəmdə danışdılar?»
35Pilat dedi: «Məgər mən Yəhudiyəm? Səni Öz millətin və başçı kahinlər mənə təslim etdi. Söylə, nə etmisən?»
36İsa cavab verdi: «Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil».

37Pilat ona dedi: «Demək, Sən Padşahsan?» İsa cavab verdi: «Sənin dediyin kimi Mən Padşaham. Mən həqiqət barədə şəhadət etmək üçün doğulub dünyaya gəldim. Həqiqətdən olan hər kəs Mənim səsimə qulaq asar».
38Pilat Ona «Həqiqət nədir?» dedi. Bunu deyəndən sonra yenə bayıra, Yəhudilərin yanına çıxıb onlara dedi: «Mən Onda heç bir təqsir görmürəm.
39Axı sizdə bir adətdir ki, Pasxa zamanı mən sizin üçün bir nəfəri azad edirəm. İndi istəyirsinizsə, sizin üçün Yəhudilərin Padşahını azad edim?»
40Bunun cavabında onlar yenə bağırıb dedi: «Bu adamı yox, Barabbanı azad et!» Barabba isə bir quldur idi.