Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yəhya

Yəhya 15

Help us?
Click on verse(s) to share them!
1Mən həqiqi Meynəyəm, Atam da Bağbandır.
2Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin.
3Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz.
4Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz.
5Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz.
6Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar.
7Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək.
8Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir.
9Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın.
10Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.
11Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun.
12Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.
13Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz.
14Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız.
15Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.
16Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək.
17Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin.
18Əgər dünya sizə nifrət edərsə, onda yada salın ki, sizdən əvvəl Mənə nifrət edib.

19Əgər dünyadan olsaydınız, dünya özündən olan sizləri sevərdi. Amma siz dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim, buna görə dünya sizə nifrət edir.
20Mənim sizə söylədiyim sözü yadınıza salın: “Qul ağasından üstün deyil”. Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər, Mənim sözümə riayət etdilərsə, sizin də sözünüzə riayət edəcəklər.
21Lakin bunların hamısını sizə Mənim adıma görə edəcəklər, çünki Məni Göndərəni tanımırlar.
22Əgər gəlib onlara söyləməsəydim, günahları olmazdı, amma indi günahları üçün bəhanələri yoxdur.
23Mənə nifrət edən Atama da nifrət edir.
24Əgər Məndən başqa heç kəsin etmədiyi işləri onların arasında etməsəydim, günahları olmazdı. Amma indi Mənim nə etdiyimi gördülər, həm Mənə, həm də Atama nifrət etdilər.
25Lakin bu ona görə baş verdi ki, öz Qanunlarında yazılan “Mənə nahaqdan nifrət etdilər” sözü yerinə yetsin.
26Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək.
27Siz də şəhadət edəcəksiniz, çünki başlanğıcdan Mənimlə birlikdəsiniz.