Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Nahum

Nahum 3

Help us?
Click on verse(s) to share them!
1Qanlı şəhərin vay halına! O yalan və soyğunçuluqla doludur, Orada quldurluğun ardı kəsilmir!
2Qamçı səsi, təkərlər gurultusu, Çapan atların, yırğalanan döyüş arabalarının sədası!
3Süvarilər hücum edir, qılınclar parıldayır, Nizələr bərq vurur, ölənlər yığın-yığın, Cəsədlərin sayı yox, İnsanların ayağı meyitlərə dolaşır!
4Millətləri fahişəliyi ilə, Xalqları cadugərliyi ilə satan, cazibəli, Cadugərlikdə mahir fahişə – Ninevanın Hədsiz əxlaqsızlığına görə Bunlar baş verdi.
5Ordular Rəbbi bəyan edir: «Ey Nineva, Mən sənin əleyhinəyəm! Paltarının ətəyini üzünə qaldıracağam, Çılpaqlığını millətlərə göstərəcəyəm, Ayıbını ölkələrə açacağam.
6Üstünə iyrənc şeyləri atacağam, Səni rüsvay edəcəyəm, Tamaşaya qoyacağam!
7Səni görənlərin hamısı səndən qaçıb Belə deyəcək: “Nineva viran qaldı! Onun üçün kim ağlayacaq?” Haradan sənə təsəlli verənləri tapım?»
8Axı sənin No-Ammondan nəyin artıqdır? O şəhər çaylar arasında yerləşib Sularla əhatə olunmuşdu, Sipəri dəniz, Qala divarı isə Nil çayı idi.
9Kuş və Misir onun sonsuz qüvvəti idi, Put və Liviya da köməkçiləri idi.
10Lakin əsir aparıldı, sürgün oldu, Övladları parça-parça doğrandı, Hər küçə başına atıldı, Adlı-sanlı adamları üçün püşk atdılar, Əyanlarını qandallara saldılar.
11Sən də, ey Nineva, sərxoş olacaqsan, Mat-məəttəl qalacaqsan, Düşmənlərin əlindən pənahgah axtaracaqsan.
12Bütün istehkamların Əncir ağacının ilk yetişən meyvələri kimidir, Silkələnəndə yeyənin ağzına düşür.
13Budur, əsgərlərin qadın kimidir, Ölkənin darvazaları düşmənlərin üzünə taybatay açılıb. Qapı rəzələrini od yeyib.
14Mühasirə vaxtı üçün özünə su çək, Qalalarını möhkəmləndir, Çamıra gir, palçığı tapda, Kərpic kəsmək üçün qəlib götür!
15Orada od səni yeyib-qurtaracaq, Qılınc səni kəsib-qıracaq, Çəyirtkələrin yedikləri əkin kimi yox olacaqsan. Sayını çəyirtkə kimi artır, Özünü qaynaşan çəyirtkə kimi çoxalt!
16Tacirlərinin sayı Göylərdəki ulduzlardan çoxdur, Amma düşmənlərin Çəyirtkə kimi ölkəni talan edib uçacaq.
17Gözətçilərin çəyirtkə kimi, Məmurların çəyirtkə sürüsü kimidir – Soyuq gündə çəpərlərə yerləşir, Gün doğanda uçub gedir, Getdikləri yer bilinmir.
18Ey Aşşur padşahı, Əyanların ölüm yuxusuna gedib, Adlı-sanlı adamların yatıb. Xalqın dağlara səpələnib, Onları bir yerə yığan yoxdur.

19Dərdinə dərman yoxdur, yaraların sağalmaz. Barəndə xəbər eşidənlər sevinib əl çalır. Axı sənin bu sonsuz pisliyin kimə dəyməyib?