Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Padşahlar - Birinci Padşahlar 2

Birinci Padşahlar 2:12-41

Help us?
Click on verse(s) to share them!
12Süleyman atası Davudun taxtında oturdu və onun padşahlığı çox möhkəm oldu.
13Haqqit oğlu Adoniya Süleymanın anası Bat-Şevanın yanına gəldi. Bat-Şeva dedi: «Xeyirlə gəlirsənmi?» Adoniya «bəli» deyə cavab verdi.
14Sonra dedi: «Sənə söyləyəcək sözüm var». Bat-Şeva «söylə» dedi.
15O dedi: «Sən bilirsən ki, padşahlıq mənim idi və bütün İsraillilər mənim padşah olacağımı gözləyirdilər, ancaq hər şey dəyişdi, padşahlıq qardaşımın əlinə keçdi, çünki Rəbb belə etdi.
16İndi səndən bir xahişim var, mənə “yox” demə». Bat-Şeva ona «söylə» dedi.
17O dedi: «Xahiş edirəm, padşah Süleymana söylə – o sənə “yox” deməz – qoy Şunemli Avişaqı mənə arvad olmaq üçün versin».
18Bat-Şeva dedi: «Yaxşı, mən səndən ötrü padşahla danışaram».
19Bat-Şeva Adoniya barədə padşah Süleymanla danışmaq üçün onun yanına getdi. Padşah onu qarşılamaq üçün ayağa qalxdı və ona təzim etdi, sonra taxtına oturdu. Padşah anası üçün də bir taxt qoydurdu. O, padşahın sağında oturdu,
20sonra dedi: «Mənim səndən kiçik bir xahişim var, mənə “yox” demə». Padşah ona dedi: «Söylə, ana, mən sənə “yox” demərəm».
21Bat-Şeva dedi: «Şunemli Avişaqı qardaşın Adoniyaya arvad olmaq üçün ver».
22Padşah Süleyman anasına cavab verib dedi: «Niyə Adoniya üçün Şunemli Avişaqı istəyirsən? Padşahlığı da onun üçün istə, üstəlik onunla birlikdə kahin Evyatarla Seruya oğlu Yoav üçün istə. Axı o mənim böyük qardaşımdır!»
23Padşah Süleyman Rəbbin haqqı üçün and içərək dedi: «Əgər Adoniya bu sözü öz həyatı bahasına söyləməmişsə, Allah mənə beləsini və bundan betərini etsin.
24İndi məni möhkəmləndirib atam Davudun taxtında oturtmuş və söylədiyi kimi mənə bir ev qurmuş var olan Rəbbə and olsun ki, Adoniya hökmən bu gün öldürüləcək!»
25Padşah Süleyman Yehoyada oğlu Benayaya əmr etdi, Benaya da gedib Adoniyanı vurdu və o öldü.
26Padşah kahin Evyatara da dedi: «Anatota, öz tarlalarına get! Sən ölümə layiqsən, amma indi səni öldürmürəm. Çünki atam Davudun önündə Xudavənd Rəbbin sandığını daşıyırdın və atamın çəkdiyi hər əzabı sən də çəkirdin».
27Beləcə Süleyman Evyatarı Rəbbin kahinliyindən qovdu. Bununla da Elinin evinə qarşı Rəbbin Şiloda söylədiyi söz yerinə yetdi.
28Xəbər Yoava çatdı. Yoav Avşaloma qoşulmadığı halda Adoniyanın tərəfini tutmuşdu. Buna görə də o, Rəbbin ibadət çadırına qaçdı və qurbangahın buynuzlarından yapışdı.
29Padşah Süleymana söylədilər: «Yoav Rəbbin ibadət çadırına qaçdı və indi qurbangahın yanındadır». Süleyman «get, onu öldür» deyə Yehoyada oğlu Benayanı göndərdi.
30Benaya Rəbbin ibadət çadırına gəlib Yoava dedi: «Çıx, padşah belə deyir!» O dedi: «Yox, burada öləcəyəm». Benaya padşaha «Yoav belə dedi və mənə bu cavabı verdi» deyə xəbər gətirdi.
31Padşah ona dedi: «Onun dediyi kimi et: onu orada öldür və basdır ki, Yoavın səbəbsiz tökdüyü qanın təqsirini mənim və atamın evi üzərindən götürəsən.
32Rəbb onun qanını öz başına döndərəcək, çünki o özündən daha saleh və daha yaxşı olan iki nəfəri qılıncla vurdu: atam Davudun xəbəri olmadan İsrail ordusunun başçısı Ner oğlu Avnerlə Yəhuda ordusunun başçısı Yeter oğlu Amasanı öldürdü.
33Beləcə onların qanı həmişəlik Yoavın və onun nəslinin üstündə qalacaq, amma Rəbb Davuda, onun nəslinə, evinə və taxtına əbədi əmin-amanlıq verəcək».
34Yehoyada oğlu Benaya yuxarıya getdi, Yoavı vurub öldürdü və onu çöldəki evində basdırdılar.
35Padşah Yoavın yerinə Yehoyada oğlu Benayanı ordu başçısı qoydu. Evyatarın yerinə isə kahin Sadoqu təyin etdi.
36Padşah Şimeyi çağırtdırıb ona dedi: «Yerusəlimdə özünə bir ev tik və orada yaşa, heç yerə getmə.
37Oradan çıxıb Qidron vadisini keçdiyin gün, bil ki, hökmən öləcəksən və qanın öz üstündə qalacaq».
38Şimey padşaha dedi: «Sözünlə razıyam, ağam padşah necə dedisə, qulun elə də edəcək». Şimey uzun müddət Yerusəlimdə yaşadı.
39Üçüncü ilin sonunda Şimeyin iki qulu Qat padşahı Maaka oğlu Akişin yanına qaçdı. Şimeyə xəbər gəldi ki, qulları Qatdadır.
40O qalxıb eşşəyini palanladı, qullarını axtarmaq üçün Qata, Akişin yanına gedib onları Qatdan gətirdi.
41Şimeyin Yerusəlimdən Qata gedib-gəlmək xəbəri Süleymana çatdı.

Read Birinci Padşahlar 2Birinci Padşahlar 2
Compare Birinci Padşahlar 2:12-41Birinci Padşahlar 2:12-41