Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Padşahlar - Birinci Padşahlar 18

Birinci Padşahlar 18:27-42

Help us?
Click on verse(s) to share them!
27Günorta olanda İlyas onları lağa qoyub dedi: «Onu uca səslə çağırın. O ki allahdır, bəlkə fikrə gedib yaxud bayıra çıxıb ya da səfərdədir? Bəlkə də yatıb, oyatmaq lazımdır?»
28Onlar uca səslə çağırdılar və adətlərinə görə bədənlərindən qan axana qədər qılınc və nizələrlə özlərini yaraladılar.
29Günorta keçincə, axşam qurbanı təqdim olunan vaxta qədər coşub dəlilik etdilər, ancaq nə bir səs-soraq verən, nə də bir qulaq asan var idi.
30İlyas bütün xalqa dedi: «Mənim yanıma gəlin». Bütün xalq onun yanına gəldi. O, Rəbbin dağıdılmış qurbangahını bərpa etdi.
31İlyas Yaqub oğulları qəbilələrinin sayına görə on iki daş götürdü, çünki Yaquba «sənin adın İsrail olacaq» deyə Rəbbin sözü nazil olmuşdu.
32İlyas daşlarla Rəbbin adına qurbangah tikdi. O, qurbangahın ətrafında iki sea toxum tutacaq qədər bir xəndək düzəltdi.
33Odunları düzdü, buğanı doğrayıb odunların üzərinə qoydu və
34dedi: «Dörd səhəng su gətirin, onu yandırma qurbanının və odunların üstünə tökün». Sonra o dedi: «İkinci dəfə edin». Onlar ikinci dəfə etdilər. O dedi: «Üçüncü dəfə edin». Onlar üçüncü dəfə etdilər.
35Su qurbangahın ətrafına axdı və xəndək də su ilə doldu.
36Axşam qurbanı təqdim edilən vaxt peyğəmbər İlyas qabağa çıxıb dedi: «Ey İbrahimin, İshaqın və İsrailin Allahı Rəbb! Qoy bu gün bilinsin ki, İsraildə Sən Allahsan və mən Sənin qulunam, bütün bu işləri də Sənin sözünlə etdim.
37Səsimi eşit, ya Rəbb, mənə cavab ver. Qoy bu xalq bilsin ki, Sən Allahsan, ya Rəbb, onda onların ürəyini Özünə tərəf döndərəcəksən».
38O vaxt Rəbdən od düşdü, yandırma qurbanını, odunları, daşları, torpağı yandırıb-yaxdı və xəndəkdə olan suyu uddu.
39Bütün xalq bunu gördü və onlar üzüstə düşüb dedilər: «Rəbb Allahdır! Rəbb Allahdır!»
40İlyas onlara dedi: «Baal peyğəmbərlərini tutun, onlardan bir nəfər də qaçıb qurtarmasın». Onları tutdular. İlyas onları Qişon vadisinə endirib orada öldürdü.
41İlyas Axava dedi: «Get, yeyib-iç, çünki güclü yağış səsi gəlir».
42Axav yeyib-içməyə getdi. İlyas Karmel dağının təpəsinə çıxdı, yerə əyilib üzünü dizləri arasına qoydu.

Read Birinci Padşahlar 18Birinci Padşahlar 18
Compare Birinci Padşahlar 18:27-42Birinci Padşahlar 18:27-42