Text copied!
Bibles in South Azerbaijani

Birinci Padşahlar 18:27-42 in South Azerbaijani

Help us?

Birinci Padşahlar 18:27-42 in Azərbaycan dilində Müqəddəs Kitab

27 Günorta olanda İlyas onları lağa qoyub dedi: «Onu uca səslə çağırın. O ki allahdır, bəlkə fikrə gedib yaxud bayıra çıxıb ya da səfərdədir? Bəlkə də yatıb, oyatmaq lazımdır?»
28 Onlar uca səslə çağırdılar və adətlərinə görə bədənlərindən qan axana qədər qılınc və nizələrlə özlərini yaraladılar.
29 Günorta keçincə, axşam qurbanı təqdim olunan vaxta qədər coşub dəlilik etdilər, ancaq nə bir səs-soraq verən, nə də bir qulaq asan var idi.
30 İlyas bütün xalqa dedi: «Mənim yanıma gəlin». Bütün xalq onun yanına gəldi. O, Rəbbin dağıdılmış qurbangahını bərpa etdi.
31 İlyas Yaqub oğulları qəbilələrinin sayına görə on iki daş götürdü, çünki Yaquba «sənin adın İsrail olacaq» deyə Rəbbin sözü nazil olmuşdu.
32 İlyas daşlarla Rəbbin adına qurbangah tikdi. O, qurbangahın ətrafında iki sea toxum tutacaq qədər bir xəndək düzəltdi.
33 Odunları düzdü, buğanı doğrayıb odunların üzərinə qoydu və
34 dedi: «Dörd səhəng su gətirin, onu yandırma qurbanının və odunların üstünə tökün». Sonra o dedi: «İkinci dəfə edin». Onlar ikinci dəfə etdilər. O dedi: «Üçüncü dəfə edin». Onlar üçüncü dəfə etdilər.
35 Su qurbangahın ətrafına axdı və xəndək də su ilə doldu.
36 Axşam qurbanı təqdim edilən vaxt peyğəmbər İlyas qabağa çıxıb dedi: «Ey İbrahimin, İshaqın və İsrailin Allahı Rəbb! Qoy bu gün bilinsin ki, İsraildə Sən Allahsan və mən Sənin qulunam, bütün bu işləri də Sənin sözünlə etdim.
37 Səsimi eşit, ya Rəbb, mənə cavab ver. Qoy bu xalq bilsin ki, Sən Allahsan, ya Rəbb, onda onların ürəyini Özünə tərəf döndərəcəksən».
38 O vaxt Rəbdən od düşdü, yandırma qurbanını, odunları, daşları, torpağı yandırıb-yaxdı və xəndəkdə olan suyu uddu.
39 Bütün xalq bunu gördü və onlar üzüstə düşüb dedilər: «Rəbb Allahdır! Rəbb Allahdır!»
40 İlyas onlara dedi: «Baal peyğəmbərlərini tutun, onlardan bir nəfər də qaçıb qurtarmasın». Onları tutdular. İlyas onları Qişon vadisinə endirib orada öldürdü.
41 İlyas Axava dedi: «Get, yeyib-iç, çünki güclü yağış səsi gəlir».
42 Axav yeyib-içməyə getdi. İlyas Karmel dağının təpəsinə çıxdı, yerə əyilib üzünü dizləri arasına qoydu.
Birinci Padşahlar 18 in Azərbaycan dilində Müqəddəs Kitab