13Bunları sizə – Allahın Oğlunun adına iman edənlərə yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz.
14Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir.
15Bilirik ki, nə diləyiriksə, O bizi eşidir; beləcə də bilirik ki, Ondan dilədiklərimizi alırıq.
16Əgər bir kəs qardaşının ölümə aparmayan günah etdiyini görsə, qoy Allahdan onun sağ qalmasını diləsin və beləcə ona – ölümə aparmayan günah edən kəsə həyat versin. Ölümə aparan günah da var. Demirəm ki, bu barədə Allahdan istəsin.
17Hər cür haqsızlıq günahdır, amma ölümə aparmayan günah da var.
18Bilirik ki, Allahdan doğulan hər kəs günahını davam etdirməz. Əksinə, Allahdan doğulan Oğul onu qoruyur və şər olan ona toxuna bilmir.
19Bilirik ki, biz Allahdanıq, amma bütün dünya şər olanın hakimiyyəti altındadır.
20Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur.
21Ey övladlar, özünüzü bütlərdən qoruyun!