Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Romalilara - Romalilara 5

Romalilara 5:2-21

Help us?
Click on verse(s) to share them!
2Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik.
3Yalnız bununla deyil, çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki, əziyyətdən dözüm,
4dözümdən Allaha xoş gəlmə, Allaha xoş gəlmədən ümid yaranır.
5Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.
6Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü.
7Saleh bir adam uğrunda kiminsə ölməsi çətin işdir; bəlkə də yaxşı bir adam uğrunda kimsə ölməyə cəsarət edər.
8Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
9Beləcə Onun qanı ilə indi saleh sayıldığımıza görə Onun vasitəsilə də Allahın qəzəbindən mütləq xilas olacağıq.
10Əgər biz Allahın düşməni olduğumuz vaxt Onun Oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra Onun həyatı vasitəsilə daha qəti olaraq xilas olacağıq.
11Yalnız bununla deyil, Rəbbimiz İsa Məsih vasitəsilə Allahla da fəxr edirik ki, indi Onun vasitəsilə Allahla barışığa nail olmuşuq.
12Beləliklə, günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə ölüm bütün insanlara yayıldı, çünki hamı günah etdi.
13Qanundan əvvəl də dünyada günah var idi. Amma qanun olmayanda günah hesaba alınmır.
14Lakin Adəmdən Musaya qədər ölüm hamıya, hətta Adəmin əmri pozmasına bənzər bir günah etməyənlərə də hökmranlıq etdi. Adəm o gələcək İnsanın əvvəlcədən göstərilən təsviri idi.
15Amma Allahın ənamı təqsir kimi deyil. Çünki bir adamın təqsiri üzündən çox adam öldüsə də, Allahın lütfü və bir Adamın, yəni İsa Məsihin lütfü ilə verilən ənam bir çoxları üçün daha böyük təsir göstərdi.
16Allahın ənamı həmin bir adamın günahının nəticəsi kimi deyil: bir günahdan sonra gələn hökm məhkumluq gətirdi, amma çoxlu təqsirdən sonra gələn ənam salehlik gətirdi.
17Əgər bir adamın təqsiri üzündən ölüm həmin adamın vasitəsilə hökmranlıq etdisə, Allahın bol lütfünü və salehlik ənamını qəbul edənlər bir Adam, yəni İsa Məsih vasitəsilə daha qəti olaraq həyatda hökmranlıq edəcək.
18Deməli, necə ki bir təqsir üzündən bütün adamlar məhkum olundu, eləcə də bir saleh əmələ görə bütün adamlara yaşamaq üçün salehlik verildi.
19Necə ki bir adamın itaətsizliyi üzündən bir çoxları günahkar sayıldı, eləcə də bir Adamın itaəti sayəsində bir çoxları saleh sayılacaq.
20Qanunun meydana gəlməsi təqsirin çoxalmasına səbəb oldu. Lakin günah çoxalan yerdə Allahın lütfü daha da çoxaldı.
21Nəticədə günah ölüm vasitəsilə hökmranlıq etdiyi kimi lütf də salehlik vasitəsilə hökmranlıq edir; belə ki lütf Rəbbimiz İsa Məsihin vasitəsilə əbədi həyat versin.

Read Romalilara 5Romalilara 5
Compare Romalilara 5:2-21Romalilara 5:2-21