1Ey qardaşlar, İsraillilərin xilasını ürəkdən arzulayıram və bunun üçün Allaha dua edirəm.
2Onların barəsində şəhadət edirəm ki, Allah naminə qeyrət çəkirlər, amma bu qeyrət biliyə əsaslanmır.
3Çünki onlar Allahdan gələn salehliyi anlamayıb öz salehliklərini bərqərar etməyə çalışmaqla Allahın salehliyinə tabe olmadılar.
4Məsih Qanunun sonu olub ki, iman gətirən hər kəs saleh sayılsın.
5Musa Qanunla gələn salehlik haqqında belə yazır: «Bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq».
6Amma imanla gələn salehlik barədə belə deyilir: «Ürəyində demə ki, “Kim göylərə, yəni Məsihi endirməyə çıxacaq?”
7ya da “Kim dibsiz dərinliyə, yəni Məsihi ölülər arasından qaldırmağa enəcək?”»
8Bəs onda nə deyilir? «Kəlam sənə çox yaxındır, o sənin dilində və ürəyindədir». Biz elə həmin iman kəlamını vəz edirik:
9əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan.
10Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur.
11Belə ki Müqəddəs Yazıda deyilir: «Ona iman edən hər kəs utandırılmayacaq».
12Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir.
13Çünki «Rəbbin adını çağıran hər kəs xilas olacaq».
14Bəs onlar iman etmədikləri Şəxsi necə çağıracaqlar? Barəsində eşitmədikləri Şəxsə necə iman edəcəklər? Vəz edən olmasa, necə eşidəcəklər?
15Göndərilməsələr, necə vəz edəcəklər? Necə ki yazılıb: «Xoş xəbəri müjdələyənin qədəmləri necə də gözəldir!»
16Amma Müjdəyə hamı qulaq asmadı. Çünki Yeşaya deyir: «Ya Rəbb, xəbərimizə kim inandı?»
17Beləliklə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır.
18Lakin soruşuram: məgər onlar eşitmədilər? Əlbəttə ki, eşitdilər: «Avazları bütün dünyaya yayıldı, Sözləri yerin ucqarlarına çatdı».
19Bir də soruşuram: məgər İsrail anlamadı? Musa ilk olaraq deyir: «Mən sizi xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millətlə qəzəbləndirəcəyəm».
20Yeşaya isə cəsarətlə deyir: «Rəbb deyir: “Məni axtarmayanlar tərəfindən tapıldım, Məni soruşmayanlara Mən zühur etdim”».
21İsrail barədə isə belə deyir: «Gün boyu itaətsiz, dikbaş xalqa əllərimi uzadıb durdum».