1Deməli, indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur.
2Çünki həyat verən Ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi.
3Beləcə cismani təbiət üzündən gücsüz olan Qanunun edə bilmədiyini Allah etdi: Öz Oğlunu günahlı cismin bənzərində günah qurbanı olaraq göndərib günahı Onun cismi ilə məhkum etdi ki,
4Qanunun ədalətli tələbləri artıq cismani təbiətə görə yox, Ruha görə həyat sürən bizlərdə yerinə yetsin.
5Cismani təbiətə görə yaşayanlar cismani şeylər barədə düşünür, Ruha görə yaşayanlar isə Ruhla bağlı şeylər barədə düşünür.
6Cismani təbiətə uyan fikirlər ölüm, Ruha uyan fikirlərsə həyat və sülh gətirir.
7Çünki cismani təbiətə uyan fikirlər Allaha qarşı düşmənçilik edir; belə ki bunlar Allahın qanununa tabe deyil və ola da bilməz.
8Həmçinin cismani təbiətdə olanlar Allahı razı sala bilməz.
9Lakin Allahın Ruhu sizdə yaşayırsa, siz cismani təbiətdə deyil, Ruhdasınız. Kimdə Məsihin Ruhu yoxdursa, o adam Məsihə məxsus deyil.
10Əgər Məsih sizdədirsə, bədəniniz günah səbəbindən ölü, ruhunuzsa salehlik səbəbindən diridir.
11Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu ilə sizin də fani bədənlərinizə həyat verəcək.
12Beləliklə, ey qardaşlar, biz cismani təbiətimizə borclu deyilik ki, ona görə yaşayaq.
13Çünki cismani təbiətə görə yaşayırsınızsa, öləcəksiniz, amma bədənin pis əməllərini Ruhun vasitəsilə öldürürsünüzsə, yaşayacaqsınız.
14Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır.
15Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik.
16Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq.
17Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.
18Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz.
19Yaradılış Allahın oğullarının zahir olmasını böyük həsrətlə gözləyir.
20Çünki yaradılış öz iradəsi ilə deyil, onu Təslim Edənin iradəsi ilə puçluğa təslim edildi. Amma ümidvardır ki,
21yaradılış özü də çürüməyə əsir olmaqdan xilas olub, Allah övladlarının izzətli azadlığına qovuşacaq.
22Çünki bilirik ki, bütün yaradılış indiyəcən birlikdə inildəyib doğuş ağrısı çəkir.
23Ancaq təkcə yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik.
24Çünki biz ümidlə xilas olduq. Amma gözə görünən ümid ümid deyil. Axı kim gördüyü şeyə ümid edər?
25Amma görmədiyimiz şeyə ümid edəndə onu səbirlə gözləyirik.
26Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir.
27Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir.
28Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir.
29Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun;
30əvvəlcədən təyin etdiyi adamları da çağırdı; çağırdığı adamları da saleh saydı; saleh saydığı adamları da izzətləndirdi.
31Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər?
32O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
33Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır!
34Məhkum edən kimdir? Ölmüş, üstəlik dirilmiş Məsih İsa həm Allahın sağındadır, həm də bizim üçün vəsatətçilik edir.
35Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı?
36Necə ki yazılıb: «Biz gün boyu Sənin uğrunda öldürülürük, Qurbanlıq qoyunlar sayılırıq».
37Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.
38Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr,
39nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq.