Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Romalilara

Romalilara 13

Help us?
Click on verse(s) to share them!
1Hər kəs başçılıq edən hakimiyyətlərə tabe olsun. Çünki Allah tərəfindən təyin olunmayan hakimiyyət yoxdur; mövcud olan hakimiyyətlər Allah tərəfindən təyin olunub.
2Buna görə də hakimiyyətə qarşı çıxan adam Allahın təyin etdiyinin əleyhinə çıxır və əleyhinə çıxan belələri özlərini mühakiməyə düçar edir.
3Çünki yaxşı iş görənlər deyil, pis iş görənlər hökmdarlardan qorxmalıdır. İstəyirsənmi hakimiyyətdən qorxmayasan? Yaxşı iş gör, onda o səni tərifləyər.
4Hökmdar sənin xeyrin üçün Allaha xidmət edir. Amma pis iş görürsənsə, qorx! Çünki o, əbəs yerə qılınc daşımır, Allaha xidmət edir ki, pis iş görəndən qisas alsın və Allahın qəzəbini onun başına gətirsin.
5Bu səbəbdən yalnız qəzəbə görə deyil, vicdanın xatirinə də hakimiyyətə tabe olmaq lazımdır.
6Vergini də siz buna görə ödəyirsiniz. Çünki hökmdarlar Allahın xidmətçisidir və məhz bu işlə daim məşğuldurlar.
7Beləliklə, hər kəsə öz haqqını verin: vergi haqqı olana vergi, gömrük haqqı olana gömrük, qorxu haqqı olana qorxu, hörmət haqqı olana hörmət.
8Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanunu yerinə yetirmiş olur.
9Belə ki «zina etmə, qətl etmə, oğurluq etmə, tamah salma» və bunlardan başqa nə əmr varsa, bu kəlamla yekunlaşdırmaq olar: «Qonşunu özün kimi sev».
10Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə də məhəbbət Qanunun tamamlanmasıdır.
11Zəmanəni, yuxudan ayılmaq vaxtınızın gəldiyini anlayaraq belə rəftar edin. Çünki indi xilasımız iman etdiyimiz vaxtda olduğundan daha yaxındır.
12Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək.
13Gün işığında olduğu kimi ləyaqətlə həyat sürək; eyş-işrətə və sərxoşluğa, əxlaqsızlığa və pozğunluğa, münaqişəyə və qısqanclığa qapılmayaq.
14Əksinə, Rəbb İsa Məsihə bürünün və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın.