Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Romalilara

Romalilara 7

Help us?
Click on verse(s) to share them!
1Ey qardaşlar, bunu Qanunu bilənlərə söyləyirəm, məgər bilmirsiniz ki, insan yalnız sağ ikən qanun onun üzərində hökmə malikdir?
2Məsələn, ərli qadın qanunla ərinə o vaxtacan bağlıdır ki, əri sağdır; amma əri öldükdə qadın nikah qanunundan azad olur.
3Buna görə də əgər qadın əri sağ ikən başqa bir kişiyə ərə gedirsə, zinakar sayılır. Amma əri ölsə, qadın qanundan azad olur və başqa bir kişiyə ərə getdikdə zinakar olmur.
4Eləcə də, qardaşlarım, siz də Məsihin bədəni vasitəsilə Qanuna münasibətdə ölmüsünüz ki, başqasına, yəni ölülər arasından dirilmiş Məsihə məxsus olasınız; belə ki Allah üçün bəhrə verək.
5Çünki biz cismani təbiətə görə yaşayarkən günahın Qanun vasitəsilə gələn həvəsləri üzvlərimizdə fəal idi. Buna görə də biz ölüm üçün bəhrə verirdik.
6Amma indi əvvəlcə əsiri olduğumuz Qanuna münasibətdə ölüb, ondan azad olduq. Nəticədə yazılı Qanunun köhnə yolunda deyil, Ruhun yeni yolunda qulluq edirik.
7Bəs nə deyə bilərik? Qanun günahdırmı? Əsla! Qanun olmasaydı, günahın nə olduğunu bilməzdim. Əgər Qanun «tamah salma» deməsəydi, tamahın nə olduğunu anlamazdım.
8Lakin günah bu əmrin vasitəsilə fürsət tapıb məndə hər növ tamah əmələ gətirdi; çünki Qanun olmasa, günah ölüdür.
9Bir vaxt Qanun məndə yox ikən mən sağ idim, amma o əmr mənə gələndə günah dirildi,
10mənsə öldüm. Beləcə anladım ki, mənə həyat verməli olan bu əmr mənə ölüm gətirdi.
11Çünki günah o əmrin vasitəsilə fürsət tapıb məni azdırdı və onunla məni öldürdü.
12Buna görə də Qanun müqəddəsdir, əmr də müqəddəs, ədalətli və yaxşıdır.
13Belə çıxır ki, yaxşı olan bir şey mənə ölüm gətirdi? Əsla! Məhz günah, günah olduğu aşkar olsun deyə yaxşı olan bir şeyin vasitəsilə mənə ölüm gətirirdi; belə ki günah əmrin vasitəsilə hədsiz günahlı olduğunu göstərsin.
14Biz bilirik ki, Qanun ruhanidir, mənsə cismani olub qul kimi günaha satılmışam.
15Çünki nə iş gördüyümü anlamıram; istədiyimi deyil, nifrət etdiyim şeyi edirəm.
16Əgər istəmədiyimi edirəmsə, onda təsdiq edirəm ki, Qanun yaxşıdır.
17Elə isə artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür.
18Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm.

19İstədiyim yaxşı şeyi etmirəm, amma istəmədiyim pis şeyi edirəm.
20Əgər istəmədiyim şeyi edirəmsə, onda artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür.
21Beləcə bu nəticəyə gəlirəm ki, yaxşılıq etmək istərkən məndə pislik üzə çıxır.
22Bir yandan daxili varlığım Allahın qanunundan zövq alır.
23Amma üzvlərimdə başqa bir qanun da görürəm ki, ağlımın təsdiq etdiyi Qanunla mübarizə aparır və üzvlərimdə olan günah qanununa məni əsir edir.
24Necə də yazıq insanam! Ölümə düçar olan bu bədəndən məni kim xilas edə bilər?
25Rəbbimiz İsa Məsihin vasitəsilə Allaha şükür olsun! Beləcə mən ağlımla Allahın qanununa, cismani təbiətimlə isə günah qanununa qulluq edirəm.