Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Romalilara

Romalilara 2

Help us?
Click on verse(s) to share them!
1Beləliklə, sən ey başqasını mühakimə edən adam, kim olursansa-ol, sən də üzrsüzsən. Çünki başqasını mühakimə edərkən özünü də məhkum edirsən. Ona görə ki başqasını mühakimə etdiyin halda özün də həmin işləri görürsən.
2Bizsə bilirik ki, belə işlərlə məşğul olanlara Allah həqiqətə əsasən hökm çıxarır.
3Ey belə işlərlə məşğul olanları mühakimə edərək özü də həmin işləri görən insan! Məgər elə güman edirsən ki, Allahın hökmündən qaça biləcəksən?
4Yaxud sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, Onun xeyirxahlığı səni tövbəyə yönəldir?
5Amma sən Allahın qəzəbinin və ədalətli hökmünün zahir olacağı gün inadkarlığına və tövbə etməyən ürəyinə görə özün üçün qəzəb toplayırsan;
6Allah hər kəsə əməlinə görə əvəzini verəcək:
7dözümlə yaxşı əməl sahibi olaraq izzət, hörmət və ölməzlik axtaranlara əbədi həyat,
8özlərini göstərərək həqiqətə tabe olmayıb haqsızlığa baş əyənlərə isə qəzəb və hiddət göndərəcək.
9Pislik edən hər kəsə – əvvəlcə Yəhudiyə, sonra da Yunana əziyyət və sıxıntı,
10yaxşı əməl sahibi olan hər kəsə isə – əvvəlcə Yəhudiyə, sonra da başqa millətdən olana izzət, hörmət və sülh verəcək.
11Çünki Allah insanlar arasında tərəfkeşlik etməz.
12Qanunu bilmədən günah edənlərin hamısı Qanunu bilməsələr də, həlak olacaqlar. Qanunu bilərək günah edənlərin də hamısı Qanunla mühakimə olunacaq.
13Çünki Allahın nəzərində Qanunu eşidənlər deyil, ona əməl edənlər saleh sayılır.
14Beləcə Qanuna malik olmayan başqa millətlər təbiətlərinə görə Qanuna əməl edəndə Qanuna malik olmadıqları halda onlar özləri üçün qanun olur.
15Onlar bununla göstərirlər ki, Qanunun tələbləri ürəklərində yazılıb. Onların vicdanı buna şahiddir, düşüncələri də onları gah ittiham, gah da müdafiə edir.
16Mənim elan etdiyim Müjdəyə görə, Allahın Məsih İsa vasitəsilə insanların gizli işlərini mühakimə edəcəyi gün belə olacaq.
17Ey özünü Yəhudi adlandıran! Qanuna güvənərək Allahla öyünürsən;
18Onun iradəsini bilirsən, Qanundan təlim aldığın üçün ən üstün dəyərləri ayırd edirsən;

19əminsən ki, Qanunda bilik və həqiqətin əsasını tapdığın üçün korlara bələdçi, zülmətdə olanlara işıq, ağılsızlara tərbiyəçi, uşaqlara müəllimsən.
21Bəs nə üçün başqalarını öyrətdiyin halda özün öyrənmirsən? Oğurlamamağı bəyan edərkən özün oğurlayırsan?
22«Zina etmə» dediyin halda özün zina edirsən? Bütlərdən iyrənərkən məbədləri soyursan?
23Qanunla öyünməyinə baxmayaraq, onu pozub Allahı hörmətdən salırsan.
24Axı belə yazılıb: «Sizin üzünüzdən millətlər arasında Allahın adına küfr edilir».
25Sünnətin yalnız o zaman faydası var ki, sən Qanuna əməl edəsən. Əgər sən Qanunu pozursansa, sünnətli olduğun halda sünnətsiz adam kimi olursan.
26Eləcə də əgər sünnət olunmamış adam Qanunun ədalətli tələblərinə riayət edirsə, sünnət olunmamasına baxmayaraq, sünnətli sayılır.
27Onda cismən sünnət olunmadığı halda Qanuna əməl edən adam səni mühakimə edəcək; sən ki yazılı Qanuna və sünnətə malik olduğun halda Qanunu pozursan.
28Çünki zahirən Yəhudi olan Yəhudi deyil, zahirən və cismən sünnət olunan da sünnətli deyil.
29Yalnız daxilən Yəhudi olan Yəhudidir. Sünnət də ürəyə aid olub, yazılı Qanuna görə deyil, Ruhun işidir. Belə adamın tərifi də insandan yox, Allahdan gələr.