4Onlardan ayrılanda könlümün sevgilisini tapdım, Tutub onu buraxmadım. Onu anamın evinə – Məni doğan qadının otağına apardım.
5Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın.
6Səhradan keçən, Tüstü sütunları kimi gələn, Tacirlərin ətirli bitkiləri içərisində Mirra və kündür ətri verən kimdir?
7Budur Süleymanın taxt-rəvanı! Ətrafını İsrail igidlərindən altmışı bürüyüb.
8Onların hamısı qılınc daşıyır, Mahir döyüşçüdür, Hər biri qılıncını belinə bağlayıb, Təhlükəli gecələr üçün hazırlanıb.
9Taxt-rəvanını padşah Süleyman Livanın ağaclarından düzəltdirib.
10Sütunları gümüşdən, söykənəcəyi qızıldan, Oturacağı tünd qırmızı qumaşdan düzəltdirib, Yerusəlim qızları bu qumaşa zövqlə naxış vurub.