31Çünki yaşıl ağacın başına bunları gətirirlərsə, bəs qurumuş ağaca nə olacaq?»
32İsa ilə birlikdə iki cinayətkar da edama aparılırdı.
33Kəllə adlanan yerə gələndə orada Onu və cinayətkarları – birini sağında, birini də solunda çarmıxa çəkdilər.
34Amma İsa deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər». Onlar püşk ataraq paltarlarını aralarında bölüşdürdülər.
35Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!»
36Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona şərab sirkəsi təqdim edib
37belə dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!»
38Onun üzərində «Yəhudilərin Padşahı budur» yazısı yazılmışdı.
39Çarmıxa asılmış cinayətkarlardan biri Ona böhtan ataraq deyirdi: «Məgər Sən Məsih deyilsən? Özünü də, bizi də xilas et!»
40O biri cinayətkarsa ona qadağan edərək deyirdi: «Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan!
41Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi».
42Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!»
43İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan».