Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 22

Luka 22:19-52

Help us?
Click on verse(s) to share them!
19Sonra İsa çörək götürdü, şükür edib onu böldü və şagirdlərə verərək dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin».
20Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Sizin üçün axıdılan bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir.
21Amma budur, Mənə xəyanət edən Mənimlə birlikdə əlini bu süfrəyə uzadır.
22Bəşər Oğlu təyin edilmiş yolla gedir. Amma vay o adamın halına ki, Ona xəyanət edir!»
23Şagirdlər öz aralarında bunu kimin edəcəyini araşdırmağa başladılar.
24Aralarında onlardan kimin ən böyük sayılacağı barəsində bir mübahisə də oldu.
25Amma İsa onlara dedi: «Millətlərin padşahları onların üzərində hökm edir və bu hakimiyyətdə olanlar himayədar adlanır.
26Amma siz belə olmayın. Aranızda ən böyük olan ən kiçik kimi olsun və rəhbərlik edən xidmətçi kimi olsun.
27Axı kim daha böyükdür, süfrədə oturan, yoxsa xidmət edən? Süfrədə oturan deyilmi? Mənsə sizin aranızda xidmətçi kimiyəm.
28Keçirdiyim sınaqlarda Mənimlə qalanlar sizsiniz.
29Atam Mənə bir padşahlıq tapşırdığı kimi Mən də sizə bir padşahlıq tapşırıram;
30belə ki Mənim Padşahlığımda süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız.
31Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə icazə istədi.
32Amma Mən imanın itməsin deyə sənin üçün dua etdim. Sən də bir zaman geri dönüb öz qardaşlarını qüvvətləndir».
33O, İsaya cavab verdi: «Ya Rəbb, mən Səninlə zindana da, ölümə də getməyə hazıram».
34Amma İsa dedi: «Peter, sənə bunu deyirəm: bu gün xoruz banlamazdan əvvəl sən Məni tanıdığını üç dəfə inkar edəcəksən».
35Sonra şagirdlərə dedi: «Mən sizi kisəsiz, torbasız və çarıqsız göndərəndə bir şeydə korluq çəkmisinizmi?» Onlar cavab verdilər: «Heç bir şeydə».
36Onda İsa onlara dedi: «İndi isə kisəsi və torbası olan bunları götürsün. Qılıncı olmayan da öz paltarını satıb qılınc alsın.
37Çünki sizə deyirəm: bu yazılmış olan “Üsyankarlara tay tutuldu” sözü Məndə tam yerinə yetməlidir. Çünki Mənim barəmdə yazılanlar tamam olur».
38Onlar dedilər: «Ya Rəbb, budur, burada iki qılınc var». O isə onlara dedi: «Bu kifayətdir».
39İsa çıxıb adətinə görə Zeytun dağına getdi. Şagirdlər də Onun ardınca getdi.
40Oraya çatanda İsa onlara dedi: «Dua edin ki, sınağa düşməyəsiniz».
41İsa Özü isə onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çöküb dua etdi.
42O belə dedi: «Ey Ata, əgər Sənin iradənə məqbuldursa, bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun».
43Göydən bir mələk İsaya göründü və Onu qüvvətləndirdi.
44İsa dəhşətli iztirab içində daha səylə dua edirdi. Onun təri yerə düşən qan damlalarına bənzəyirdi.
45İsa duadan qalxıb şagirdlərin yanına gəldi, onları kədərdən üzülmüş və yatmış tapdı.
46O, şagirdlərə dedi: «Nə üçün yatırsınız? Qalxın, dua edin ki, sınağa düşməyəsiniz».
47İsa hələ danışarkən bir izdiham göründü. On İki şagirddən biri, Yəhuda adlı bir nəfər onlardan qabaqda gedirdi. O, İsanı öpmək üçün yaxınlaşdı.
48Amma İsa ona dedi: «Yəhuda, sən Bəşər Oğlunu bir öpüşləmi satırsan?»
49İsanın ətrafında olanlar nə baş verəcəyini görəndə Ona dedilər: «Ya Rəbb, bəlkə qılıncla vuraq?»
50Onlardan biri baş kahinin qulunu vurub sağ qulağını qopartdı.
51Lakin İsa dedi: «Bəsdir, eləməyin». Sonra qulun qulağına toxunaraq onu sağaltdı.
52İsa üstünə gələn başçı kahinlərə, məbəd mühafizəçilərinin başçılarına və ağsaqqallara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə gəlmisiniz?

Read Luka 22Luka 22
Compare Luka 22:19-52Luka 22:19-52