Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Padşahlar - Birinci Padşahlar 7

Birinci Padşahlar 7:23-50

Help us?
Click on verse(s) to share them!
23Xiram tuncdan tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi və bir kənarından digər kənarına qədər on qulac idi, otuz qulaclıq bir ip də onun ətrafına dolanmışdı.
24Hər tərəfdən kənarının altından onu balqabaq təsvirləri əhatə edirdi. Hər qulacda on balqabaq var idi. Balqabaqlar iki cərgə idi və onlar hovuzla birgə tökülmüşdü.
25Hovuz on iki tökmə buğanın üstündə dururdu: üçü şimala, üçü qərbə, üçü cənuba, üçü də şərqə baxırdı. Hovuz yuxarıda – onların üzərində idi və buğaların bütün sağrıları içəriyə doğru idi.
26Hovuzun qalınlığı bir ovuc idi, onun kənarı kasa kənarı kimi düzəldilmişdi və açılan zanbağa bənzəyirdi. O, iki min bat su tuturdu.
27Xiram tuncdan on dayaq düzəltdi. Hər dayağın uzunluğu dörd, eni dörd və hündürlüyü üç qulac idi.
28Dayaqlar belə hazırlanmışdı: onların yan lövhələri var idi və yan lövhələr gövdəyə bərkidilmişdi.
29Gövdənin arasında olan yan lövhələr üzərində şir, buğa və keruv təsvirləri var idi. Həmçinin gövdədə, şir və buğa təsvirlərinin yuxarısında və aşağısında asma çələnglər var idi.
30Hər dayağın dörd tunc çarxı, tunc oxları və ləyən üçün dörd tökmə çıxıntısı var idi. Çıxıntılar hər tərəfdən çələnglərlə bəzədilmişdi.
31Dayağın başlığında bir oyuq var idi. Başlığın hündürlüyü bir qulac idi, oyuq isə dəyirmi və bir qulac yarım enində idi, üstündə oymalar var idi. Yan lövhələr dairəvi deyil, dördguşəli idi.
32Dörd çarx yan lövhələrin altında idi və çarxların oxları dayaqda idi. Bir çarxın hündürlüyü bir qulac yarım idi.
33Çarxların quruluşu döyüş arabalarının çarxlarının quruluşu kimi idi. Onların oxları, sağanaqları, milləri və topları – hər şeyi tökmə idi.
34Hər dayağın dörd küncündə çıxıntı var idi. Çıxıntılar dayağa bitişik idi.
35Dayağın başında yarım qulac hündürlüyündə dəyirmi bir çənbər var idi. Dayağın başında olan dəstəkləri və yan lövhələri özünə bitişik idi.
36Xiram dəstəklərin və yan lövhələrin üzərində yer çatan qədər keruv, şir, xurma ağacı təsvirləri, ətrafında isə çələnglər oydu.
37Beləcə on dayaq düzəltdi. Onların hamısı bir tökmədə, bir ölçüdə və bir quruluşda idi.
38Xiram on dayağın üstünə qoymaq üçün tuncdan on ləyən düzəltdi. Hər ləyən qırx bat tuturdu və dörd qulac enində idi.
39Dayaqların beşini məbədin sağ tərəfində, beşini də məbədin sol tərəfində qoydu. Hovuzu isə məbədin cənub-şərq küncündə yerləşdirdi.
40O həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi. Xiram Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı:
41iki sütun; sütunların üstündə iki dəyirmi başlıq; sütunların üstündəki başlıqları örtmək üçün iki hörmə tor;
42sütunların üstündə olan dəyirmi başlıqları örtən hər hörmə torun üzərində iki cərgədə dörd yüz nar;
43on dayaq; dayaqların üzərində on ləyən;
44bir hovuz; hovuzun altında on iki tökmə buğa;
45qazanlar, kürəklər və piyalələr. Bütün bu əşyaları Xiram Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan düzəltmişdi.
46Padşah bunları İordan çayının kənarındakı düzənlikdə Sukkot ilə Sartan arasındakı gilli torpaqlarda tökmüşdü.
47Bütün bu əşyalar həddən artıq çox olduğu üçün Süleyman onlara işlədilən tuncun çəkisini müəyyən etmədi.
48Süleyman Rəbbin məbədindəki bütün bu əşyaları düzəltdi: qızıl qurbangah; təqdis çörəkləri qoyulan qızıl masa;
49iç otağın önündə beşi sağ tərəfdə, beşi də sol tərəfdə olan xalis qızıldan çıraqdanlar; qızıldan olan qönçə, çıraqlar və maşalar;
50xalis qızıldan kasalar, maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar; iç otağın, yəni Ən Müqəddəs yerin və böyük otağın qapıları üçün qızıldan ilgəklər.

Read Birinci Padşahlar 7Birinci Padşahlar 7
Compare Birinci Padşahlar 7:23-50Birinci Padşahlar 7:23-50