Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Padşahlar - Birinci Padşahlar 20

Birinci Padşahlar 20:28-40

Help us?
Click on verse(s) to share them!
28Allah adamı İsrail padşahının yanına gəlib dedi: «Rəbb belə deyir: “Aramlılar ‹Rəbb təpələr Allahıdır, düzənliklər Allahı deyil› deyirlər. Buna görə də Mən bu böyük qoşunu bütünlüklə sənə təslim edəcəyəm və biləcəksiniz ki, Rəbb Mənəm”».
29Onlar bir-birlərinin qarşısında yeddi gün ordugahda qaldılar. Yeddinci gün döyüş başlandı. İsrail övladları bir gündə Aramlıların piyada qoşunundan yüz min nəfəri qırdılar.
30Onların qalanları Afeqə – şəhərin içinə qaçdılar. Şəhərin divarı qalan iyirmi yeddi min nəfərin üstünə yıxıldı. Ben-Hadad şəhərə qaçıb bir iç otağa girdi.
31Əyanları ona dedilər: «Biz eşitmişik ki, İsrail padşahları mərhəmətli padşahlardır. Gəlin bellərimizə çul, başlarımıza ip sarıyaq və İsrail padşahının yanına gedək. Bəlkə o səni sağ buraxar».
32Onlar bellərinə çul, başlarına ip bağladılar və gəlib İsrail padşahına dedilər: «Qulun Ben-Hadad “yalvarıram, məni sağ burax” deyir». İsrail padşahı dedi: «O hələ sağdır? O ki mənim qardaşımdır».
33Bu adamlar bir əlamət gözləyirdilər, padşahın sözünü yaxşı əlamət sayıb cəld dedilər: «Bəli, Ben-Hadad sənin qardaşındır». O dedi: «Gedin, onu gətirin». Ben-Hadad onun yanına gəldi və o, Ben-Hadadı öz döyüş arabasına mindirdi.
34Ben-Hadad ona dedi: «Mənim atamın sənin atandan aldığı şəhərləri geri qaytarıram. Atamın Samariyada düzəltdiyi kimi sən də Dəməşqdə özün üçün bazarlar düzəldərsən». İsrail padşahı dedi: «Mənimlə saziş bağlayandan sonra səni buraxacağam». Ben-Hadadla saziş bağladı və onu buraxdı.
35Peyğəmbərlərdən olan bir nəfər Rəbbin sözü ilə öz yoldaşına dedi: «Məni vur». O adam onu vurmaq istəmədi.
36Onda peyğəmbər o adama dedi: «İndi ki sən Rəbbin sözünə qulaq asmadın, mənim yanımdan gedəndə bir şir səni öldürəcək». Peyğəmbərin yanından gedəndə bir şir ona rast gəlib onu öldürdü.
37Peyğəmbər başqa bir adam tapıb ona dedi: «Məni vur». O adam peyğəmbəri vurub yaraladı.
38Peyğəmbər getdi və gözlərini örtərək qiyafəsini dəyişib padşahın yolu üstündə dayandı.
39Padşah keçəndə onu səsləyib dedi: «Bu qulun döyüşün ortasına girmişdi. Bu zaman bir adam kənara çəkildi və mənim yanıma bir nəfər gətirib dedi: “Bu adamı qoru. Əgər aradan çıxsa, əvəzində ya canını verəcəksən ya da bir talant gümüş”.
40Bu qulun orada-burada çalışarkən o, yanımdan qaçdı». İsrail padşahı bu adama dedi: «Hökmün elə də olmalıdır, özün qərar vermisən».

Read Birinci Padşahlar 20Birinci Padşahlar 20
Compare Birinci Padşahlar 20:28-40Birinci Padşahlar 20:28-40