Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 12

Luka 12:2-48

Help us?
Click on verse(s) to share them!
2Elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək.
3Buna görə də qaranlıqda dediyiniz gün işığında eşidiləcək, bağlı qapı arxasında qulağa pıçıldadığınız damlardan bəyan olunacaq.
4Ey dostlarım, sizə deyirəm: bədəni öldürən və ondan sonra başqa heç nə edə bilməyənlərdən qorxmayın.
5Amma Kimdən qorxmaq lazım olduğunu sizə göstərim: adamı öldürəndən sonra cəhənnəmə atmağa ixtiyarı olan Allahdan qorxun. Bəli, sizə deyirəm: Ondan qorxun!
6Beş sərçə iki qara pula satılmırmı? Onlardan biri belə, Allahın qarşısında yaddan çıxmır.
7Sizin başınızdakı saçlar belə, sayılıb. Qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz.
8Mən sizə deyirəm: insanlar qarşısında Məni iqrar edən hər kəsi Bəşər Oğlu da Allahın mələkləri qarşısında iqrar edəcək.
9Amma insanlar önündə Məni inkar edən özü də Allahın mələkləri önündə inkar olunacaq.
10Bəşər Oğluna qarşı bir söz deyən hər kəs bağışlanacaq; amma Müqəddəs Ruha küfr edən bağışlanmayacaq.
11Sizi sinaqoqlara, başçıların və hökmdarların qarşısına gətirəndə özünüzü necə müdafiə edəcəyiniz və yaxud nə deyəcəyiniz barədə qayğı çəkməyin.
12Müqəddəs Ruh sizə o anda nə deməli olduğunuzu öyrədəcək».
13İzdihamdan bir nəfər İsaya dedi: «Müəllim, qardaşıma de ki, mirası mənimlə bölsün».
14İsa ona belə cavab verdi: «Ey insan, Məni kim üzərinizə hakim ya vəkil qoyub?»
15Sonra İsa onlara dedi: «Diqqətli olun, hər cür tamahkarlıqdan özünüzü qoruyun. Çünki insanın həyatı var-yoxunun bolluğundan asılı deyil».
16İsa onlara bu məsəli danışdı: «Bir varlının torpağı bol məhsul verdi.
17Bu adam ürəyində düşündü: “Məhsulumu qoymağa yerim yoxdur. Axı nə edim?”
18Sonra dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikəcəyəm. Bütün taxılımı və malımı oraya yığaram.
19Canıma deyərəm: ey canım, illərlə kifayət qədər var-dövlət yığmısan. İndi dincəl, ye-iç, kef elə”.
20Amma Allah ona dedi: “Ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq?”
21Özü üçün xəzinə toplayan, amma Allahın önündə varlı olmayan hər bir insanın axırı da elə olacaq».
22İsa Öz şagirdlərinə belə dedi: «Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin.
23Can yeməkdən, bədənsə geyinməkdən daha vacibdir.
24Qarğalara baxın: onlar nə əkir, nə də biçir, nə anbarları, nə də zirzəmiləri var. Amma Allah onları yedizdirir. Siz quşlardan nə qədər qiymətlisiniz!
25Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər?
26Əgər siz elə balaca şeyi etməyi bacarmırsınızsa, nə üçün başqa şeylərin qayğısını çəkirsiniz?
27Zanbaqların necə böyüdüyünə baxın: onlar nə zəhmət çəkir, nə də ip əyirir. Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi.
28Ey imanı az olanlar, bu gün çöldə olub sabah ocağa atılan otu Allah belə geyindirirsə, sizi geyindirəcəyi nə qədər yəqindir!
29“Nə yeyəcəyik?”, “Nə içəcəyik?” deyə axtarıb narahat olmayın.
30Çünki dünyadakı bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Atanız bunlara ehtiyacınız olduğunu bilir.
31Lakin siz Allahın Padşahlığını axtarın, onda bunlar da sizə əlavə olaraq veriləcək.
32Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü.
33Əmlakınızı satın və sədəqə verin. Özünüzə köhnəlməyən kisələr, göylərdə tükənməyən xəzinə hazırlayın. Oraya nə oğru gələr, nə də onu güvə yeyər.
34Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq».
35«Qoy qurşaqlarınız bellərinizdə bağlı və çıraqlarınız yana-yana qalsın.
36Toy ziyafətindən qayıdan ağasını gözləyən adamlara oxşayın. Onlar ağaları gəlib qapını döyən kimi qapını açmağa hazır olurlar.
37Nə bəxtiyardır o qullar ki, ağa qayıdanda onları oyaq görür! Sizə doğrusunu deyirəm: o özü qurşaqlanıb qullarını süfrəyə oturdacaq və gəlib onlara xidmət edəcək.
38Ağa istər gecəyarı, istər ondan gec, səhərə yaxın gəlib qulları oyaq görsə, o qullar necə də bəxtiyardır!
39Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun hansı saatda gələcəyini bilsəydi, evinin yarılmasına imkan verməzdi.
40Beləcə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək».
41Peter dedi: «Ya Rəbb, bu məsəli ancaq bizə danışırsan, yoxsa hamıya?»
42Rəbb cavab verdi: «Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı idarəçi kimdir?
43Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür!
44Sizə həqiqəti deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq.
45Amma həmin qul ürəyində “ağam gec gələcək” deyərsə, başqa nökər və qarabaşları döyməyə, yeyib-içməyə, sərxoşluğa uymağa başlayarsa,
46o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, ona ağır cəza verəcək və onu sədaqətsizlərlə bir yerdə saxlayacaq.
47Ağasının istəyini bilib hazır olmayan və onun istəyinə əməl etməyən qul çox döyüləcək.
48Bilməyib o cəzaya layiq iş görənsə az döyüləcək. Kimə çox verilibsə, ondan çox da istəniləcək. Kimə çox tapşırılıbsa, ondan daha çox tələb olunacaq.

Read Luka 12Luka 12
Compare Luka 12:2-48Luka 12:2-48