1Harun oğulları Nadav və Avihu buxurdanlarını götürüb içinə közərmiş kömürlə buxur qoydular və Rəbbin önünə haram od gətirdilər. Belə təqdimi Rəbb əmr etməmişdi.
2Rəbb hüzurundan od göndərib onları məhv etdi. Onlar Rəbbin hüzurunda öldülər.
3Musa Haruna dedi: «Budur, Rəbb belə demişdir: “Mənə yaxınlaşanlar Məni müqəddəs saysınlar; Bütün xalq Məni izzətləndirsin”». Harun isə susurdu.
4Musa Harunun əmisi Uzzielin oğulları Mişaellə Elsafanı çağırıb dedi: «Yaxın gəlin və qardaşlarınızın cəsədlərini Müqəddəs yerin önündən düşərgənin kənarına aparıb qoyun».
5Musa bu sözü deyən kimi onlar yaxınlaşdılar və cəsədləri xirqələri əynindəcə düşərgənin kənarına aparıb qoydular.
6Musa Haruna və onun sağ qalan oğulları Eleazar və İtamara dedi: «Siz yas tutaraq saçlarınızı dağıtmayın, geyimlərinizi cırmayın. Yoxsa ölərsiniz və Rəbb bütün icmaya qəzəblənər. Ancaq bütün İsrailli soydaşlarınız Rəbbin yandırdığı adamların yasını tutsun.