12Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı.
13Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi.
14Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü.
15İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü,
16göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin».
17Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar.
18Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?»
19İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram».
20Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?»
21Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu.