1Yatağımda bütün gecə Könlümün sevgilisini axtardım, Axtardım, amma tapa bilmədim.
2Dedim: «Qoy könlümün sevgilisini axtarım, Durub şəhəri dolaşım, Küçələrdə, meydanlarda axtarım». Axtardım, amma tapa bilmədim.
3Şəhər asayişini qoruyanlar məni tapdı, Onlardan soruşdum: «Könlümün sevgilisini görməmisiniz ki?»
4Onlardan ayrılanda könlümün sevgilisini tapdım, Tutub onu buraxmadım. Onu anamın evinə – Məni doğan qadının otağına apardım.
5Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın.
6Səhradan keçən, Tüstü sütunları kimi gələn, Tacirlərin ətirli bitkiləri içərisində Mirra və kündür ətri verən kimdir?
7Budur Süleymanın taxt-rəvanı! Ətrafını İsrail igidlərindən altmışı bürüyüb.