Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ibranilərə

Ibranilərə 8

Help us?
Click on verse(s) to share them!
1Deyilənlərin əsası isə budur: bizim elə bir Baş Kahinimiz var ki, göylərdəki möhtəşəm Allahın taxtının sağında oturub.
2O, Müqəddəs məkanda və insanın deyil, Rəbbin qurduğu həqiqi çadırda xidmət edir.
3Hər baş kahin təqdim və qurban gətirmək üçün təyin olunur. Buna görə bizim də Baş Kahinimizin təqdim etmək üçün nəyisə olmalıdır.
4Əgər Özü yer üzündə olsaydı, əsla Kahin olmazdı. Çünki Qanuna əsasən təqdim gətirənlər var.
5Onlar göylərdəkilərin təsviri və kölgəsi olan yerdə ibadət edir, necə ki Musa İbadət çadırını qurmaq üzrə olanda Allah onu xəbərdar etmişdi: «Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt».
6Amma indi İsa daha yaxşı vədlər üzərində qurulmuş daha yaxşı bir Əhdin Vasitəçisi olduğu qədər üstün bir xidmətə nail oldu.
7Əgər ilk Əhd qüsursuz olsaydı, ikinci Əhdə səbəb axtarılmazdı.
8Çünki Allah Öz xalqını təqsirkar çıxararaq deyir: «Rəbb bəyan edir: “İsrail xalqı və Yəhuda xalqı ilə Yeni bir Əhd bağlayacağım günlər yaxınlaşır.
9Bu Əhd Atalarını Misir torpağından çıxartmaq üçün Əllərindən tutduğum gün Onlarla bağladığım əhdə bənzəməyəcək. Çünki onlar əhdimə sadiq qalmadılar, Mən də onlardan üz döndərdim” Rəbb belə bəyan edir.
10“O günlərdən sonra İsrail xalqı ilə Bağlayacağım Əhd belədir” Rəbb bəyan edir, “Qanunlarımı onların zehinlərinə qoyub Ürəklərinə yazacağam. Mən onların Allahı, Onlar da Mənim xalqım olacaq.
11Bir kəs öz həmvətənini yaxud qardaşını ‹Rəbbi tanı› deyib öyrətməyəcək. Çünki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq.
12Çünki təqsirlərinə qarşı mərhəmətli olacağam, Günahlarını daha yada salmayacağam”».
13Allah «Yeni Əhd» deməklə birincisinin köhnə olduğunu göstərir. Köhnələn və yaşa dolansa çox keçmədən yox olur.