Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ibranilərə

Ibranilərə 2

Help us?
Click on verse(s) to share them!
1Buna görə də biz eşitdiklərimizə daha da diqqətli olmalıyıq ki, axın bizi aparmasın.
2Çünki mələklər vasitəsilə bəyan edilən söz qüvvəyə mindi, hər cür təqsir və itaətsizliyə haqlı cəza verildisə,
3bu cür böyük xilasa məhəl qoymasaq, biz necə qurtula bilərik? Bu xilas əvvəlcə Rəbb tərəfindən bildirildi və Onu eşidənlər tərəfindən bizə təsdiq olundu.
4Allah da əlamət, xariqələr, müxtəlif möcüzələr və Öz iradəsinə uyğun olaraq payladığı Müqəddəs Ruhun ənamları ilə şəhadət etdi.
5Barəsində danışdığımız gələcək dünyanı Allah mələklərə tabe etmədi.
6Lakin kimsə bir yerdə belə şəhadət etdi: «İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?
7Onu mələklərdən az müddət ərzində aşağı tutdun, İzzət və əzəmət tacını onun başına qoydun.
8Hər şeyi onun ayağının altına qoyub tabe etdin». Allah hər şeyi insana tabe etdiyinə görə ona tabe olmamış heç nə qoymadı. Lakin indi biz hər şeyin ona tabe olduğunu hələ görmürük.
9Amma Allahın lütfü ilə hər kəsin uğrunda ölmək üçün mələklərdən az müddət ərzində aşağı tutulmuş Şəxsi, yəni İsanı görürük. Çəkdiyi ölüm əzabına görə Onun başına izzət və əzəmət tacı qoyuldu.
10Hər şey Allah üçün və Allah vasitəsilə mövcuddur. Bir çox övladı izzətə çatdırmaq üçün onların xilasının Banisini əzablar vasitəsilə kamil etməsi Allaha münasib idi.
11Çünki təqdis edən Şəxsin və təqdis olunanların hamısının Atası eynidir. Bu səbəbdən İsa onları qardaş çağırmaqdan utanmayıb deyir:
12«İsmini qardaşlarıma elan edəcəyəm, Toplantı arasında Sənə həmd söyləyəcəyəm».
13Yenə də deyir: «Mən Ona güvənəcəyəm» və yenə «Budur, Mən və Allahın Mənə verdiyi övladlar».
14Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin
15və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin.
16Şübhəsiz, O, mələklərə deyil, İbrahim nəslinə yardım edər.
17Buna görə də O hər cəhətdən qardaşlarına bənzər olmalı idi; belə ki Allaha xidmətində mərhəmətli və sadiq Baş Kahin olub xalqının günahları üçün kəffarə edə bilsin.
18Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər.