Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ibranilərə

Ibranilərə 4

Help us?
Click on verse(s) to share them!
1Beləliklə, Allahın rahatlıq diyarına girmək vədi hələ də qüvvədə olarkən hər birinizin bundan məhrum olmasından qorxaq.
2Çünki Misirdən çıxanlar kimi biz də Müjdə aldıq. Amma onların eşitdiyi kəlam onlara xeyir gətirmədi, çünki bu kəlama qulaq asanların imanına şərik olmadılar.
3Biz iman etmişlərsə rahatlıq diyarına girməkdəyik, necə ki Allah demişdir: «Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”». Halbuki Onun işləri dünya yaranandan bəri tamamlanmışdır.
4Çünki bir yerdə yeddinci gün barəsində belə deyib: «Allah bütün gördüyü işlərdən ayrılıb yeddinci gün istirahət etdi».
5Bu barədə yenə deyib: «Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər».
6Beləliklə, bəzilərinə o rahatlıq diyarına girmək üçün, şübhəsiz ki, imkan qalır. Lakin Müjdəni əvvəlcədən eşidənlər itaətsizliyə görə ora girə bilmədilər.
7Bu səbəbə görə Allah xeyli vaxt keçəndən sonra Davud vasitəsilə «bu gün» deyərək təkrar müəyyən bir gün təyin edir, necə ki əvvəlcə deyilmişdir: «Bu gün əgər Onun səsini eşitsəniz, Qoy ürəkləriniz inadkar olmasın».
8Çünki Yeşua onlara rahatlıq diyarı versəydi, Allah bundan sonra başqa bir gün barəsində danışmazdı.
9Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır.
10Allah Öz işlərini qurtarıb Şənbə günü istirahət etdiyi kimi Onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb istirahət etdi.
11Buna görə də bu rahatlıq diyarına girməyə çalışaq ki, heç kəs eyni itaətsizlik nümunəsinə əməl edib yıxılmasın.
12Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir.
13Allahdan gizli heç nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik.
14Beləliklə, Allahın Oğlu İsa göylərdən keçən böyük Baş Kahinimiz olduğuna görə əqidəmizi möhkəm tutaq.
15Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir.
16Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.