Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Ibranilərə

Ibranilərə 1

Help us?
Click on verse(s) to share them!
1Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi.
2Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı.
3Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu.
4Mələklərdən nə qədər üstün adı irs olaraq aldısa, o qədər onlardan üstün oldu.
5Axı Allah mələklərin hansına nə vaxtsa «Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum» yaxud «Mən Ona Ata, O isə Mənə Oğul olacaq» demişdir?
6Yenə də Allah İlk Doğulanı dünyaya gətirəndə deyir: «Allahın bütün mələkləri qoy Onun qarşısında səcdə etsin».
7Mələklər barəsində isə deyir: «Öz mələklərini küləklərə, Öz xidmətçilərini yanar oda döndərir!»
8Amma Oğul haqqında bunu deyir: «Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır.
9Salehliyi sevib qanunsuzluğa nifrət etmisən. Ona görə Allah, Sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox Səni məsh edib».
10Yenə deyir: «Ya Rəbb, Sən yerin təməlini əzəldən qurmusan, Göylər Sənin əllərinin işidir!
11Onlar yox olacaq, amma Sən qalacaqsan, Hamısı paltar kimi köhnələcək,
12Onları geyim kimi bükəcəksən, Onları paltar kimi dəyişdirəcəksən. Amma Sən dəyişməzsən, İllərin tükənməzdir».
13Lakin Allah mələklərin hansına nə vaxtsa «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur» demişdir?
14Bütün mələklər xilası irs olaraq alacaq şəxslərə xidmət etmək üçün göndərilən xidmətçi ruhlar deyilmi?