6Həvarilərlə ağsaqqallar bu mövzunun müzakirəsi üçün toplaşdılar.
7Uzun-uzadı mübahisələrdən sonra Peter ayağa qalxıb dedi: «Qardaşlar, bildiyiniz kimi Allah aranızdan çoxdan bəri məni seçib ki, başqa millətlərdən olanlar Müjdəni mənim dilimdən eşidib iman etsinlər.
8İnsanın ürəyindən xəbərdar olan Allah bizə verdiyi kimi Müqəddəs Ruhu onlara da verməklə təsdiq etdi ki, onları qəbul edir.
9Onlarla bizim aramızda heç bir ayrı-seçkilik yaratmadı, imanları ilə onların da ürəklərini təmizlədi.
10Elə isə nə bizim, nə də ata-babalarımızın gəzdirə bilmədiyi boyunduruğu niyə bu şagirdlərin boynuna yükləyərək Allahı sınağa çəkirsiniz?
11Əksinə, inanırıq ki, biz də Rəbb İsanın lütfü ilə xilas oluruq, onlar da».
12Onda bütün toplantı sakitləşdi və Barnaba ilə Paula qulaq asmağa başladılar. Barnaba ilə Paul Allahın onlar vasitəsilə başqa millətlər arasında göstərdiyi əlamət və xariqələrin hamısını danışdı.
13Onlar sözlərini yekunlaşdırandan sonra Yaqub söz alıb dedi: «Qardaşlar, mənə qulaq asın!
14Allah başqa millətlərdən Öz adı üçün bir xalq yaratmaq məqsədi ilə onlara ilk dəfə necə nəzər salması barədə Şimon izahat verdi.
15Peyğəmbərlərin sözləri bunu təsdiqləyir. Orada yazıldığı kimi:
16“Bundan sonra qayıdacağam, Davudun yıxılan çadırını bərpa edəcəyəm. Onun dağılan yerlərini yenidən tikəcəyəm, Onu əvvəlki halına salacağam,
17Ona görə ki qalan insanlar – Mənim adımla çağırılan bütün millətlər Rəbbi axtarsınlar. Bunları qədimdən bəri məlum edən Rəbb belə deyir”.
19Beləliklə, bu qərara gəlmişəm ki, başqa millətlərdən Allaha tərəf dönənlərə maneçilik törətməməliyik.
20Lakin onlara yazmalıyıq ki, bütlərə təqdim olunub murdarlanan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər; əxlaqsızlıqdan da özlərini uzaq saxlasınlar.
21Çünki qədim nəsillərin dövründən bəri hər şəhərdə Musanın sözlərini vəz edənlər var və bu sözlər hər Şənbə günü sinaqoqlarda oxunmaqdadır».
22Buna görə bütün imanlılar cəmiyyəti ilə həvarilər və ağsaqqallar razılığa gəldilər ki, öz aralarından adamlar seçib Paul və Barnaba ilə birlikdə Antakyaya göndərsinlər. İmanlı bacı-qardaşlar arasında rəhbərlik edən Barsabba adlanan Yəhuda ilə Silanı seçdilər.
23Onların əlinə bu məktubu verib göndərdilər: «İmanlı qardaşlarınız olan biz həvarilərlə ağsaqqallardan Antakya, Suriya və Kilikiyada yaşayan, başqa millətlərdən olan bacı-qardaşlara salam!
24Eşitdik ki, bizlərdən bəzi adamlar yanınıza gəlib sözləri ilə sizi lərzəyə salaraq düşüncələrinizi qarışdırıblar. Lakin bunu onlara biz tapşırmamışdıq.